SİYASƏT
Valentina Matviyenko: “Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı regionda və Xəzərdə təhlükəsizliyin mühüm amilidir
Bakı, 9 aprel (AZƏRTAC). Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı regionda və Xəzərdə təhlükəsizliyin mühüm amilidir.
AZƏRTAC xəbər verir ki, Rusiya Federal Məclisin Federasiya Şurasının sədri Valentina Matviyenko bu fikri Bakı Dövlət Universitetinin kollektivi qarşısında çıxışında söyləmişdir.
V.Matviyenkonun fikrincə, Azərbaycan və Rusiya həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər. V.Matviyenko vurğulamışdır: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması dünyada və regionda müxtəlif problemlərin həllində ölkələrimiz arasında münasibətlərin fəallaşmasına xidmət edəcəkdir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına seçilməsi onun dünyada yüksək nüfuzuna dəlalət edir”.
Federasiya Şurasının sədri ikitərəfli əlaqələrin demək olar ki, bütün sahələrdə inkişaf etməsini vurğulayaraq demişdir: “Bu inkişafın əsas istiqamətini bizim dövlətlərin rəhbərləri müəyyən edirlər”.
V.Matviyenko iki ölkə arasında iqtisadi əlaqələrdən bəhs edərək vurğulamışdır ki, bu sahədə yüksək dinamika müşahidə olunur. O demişdir: “Gözlənildiyinə görə, cari ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollardan çox olacaqdır. Əmtəə dövriyyəsinin artmasında energetika sahəsi və müştərək investisiya layihələri xüsusi rol oynayır. Azərbaycanda Rusiyanın 500-dən çox şirkəti işləyir”.
Bununla bərabər, Federasiya Şurasının sədri vurğulamışdır ki, Rusiyanın regionları da Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Belə regionlar arasında Azərbaycanın ən iri iqtisadi tərəfdaşı Dağıstandır.