ELM VƏ TƏHSİL
Valeri Bıkov: “Müəllimlər tədris prosesində İKT-nin imkanlarından istifadə etməyi bacarmalıdırlar”
Bakı, 28 noyabr (AZƏRTAC). Müasir dövrdə müəllimlər tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından geniş istifadə etməyi bacarmalıdırlar.
Bunu Bakıda keçirilmiş “Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar” mövzusunda ikinci Beynəlxalq elmi konfransın iştirakçısı, Ukrayna İnformasiya Texnologiyaları və Təhsil Vasitələri İnstitutunun direktoru, akademik Valeri Bıkov AZƏRTAC-a müsahibəsində bildirmişdir.
Konfransın əhəmiyyətini qeyd edən V.Bıkov demişdir ki, burada müəllim hazırlığı ilə məşğul olan bir çox ali məktəblərin nümayəndələri arasında faydalı görüşlər keçirilmiş, təhsilin inkişafı istiqamətində mühüm məsələlər müzakirə olunmuşdur. Müəllimlərin hazırlığının yüksəldilməsi və onların İKT bacarıqlarının artırılması müasir dövrdə vacib məsələlərdəndir. Müəllimlər tədris prosesində İKT-nin imkanlarından geniş istifadə etməyi bacarmalıdırlar.
Ukraynalı alim bildirmişdir ki, üç gün ərzində konfransda aparılmış müzakirələr müəllimlərin təhsil səviyyəsinin yüksəldilməsinə xidmət etmişdir. Əminəm ki, Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan AMİ-də keçirilmiş bu beynəlxalq tədbir ümumilikdə təhsildə İKT-dən səmərəli istifadə edilməsi, müəllim hazırlığının yüksəldilməsi işinə töhfə olacaqdır.
Azərbaycana ikinci dəfə gəldiyini qeyd edən V.Bıkov Bakı haqqında çox gözəl təəssüratlarının olduğunu vurğulamışdır: ”Fəxrlə deyə bilərəm ki, Bakı göz önündə inkişaf edərək dünyanın ən müasir şəhərinə çevrilmişdir. Biz buna görə çox şadıq və uğurlarınıza sizinlə bərabər sevinirik”.