SİYASƏT
Vaşinqton görüşündən sonra rəsmi İrəvanın növbəti dəfə təxribatlar törədəcəyi gözlənilən idi - Siyasi ekspert
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündən sonra rəsmi İrəvanın növbəti dəfə təxribatlara əl ata biləcəyi gözlənilən idi.
Vaşinqtonda keçirilən görüşlər beynəlxalq hüququn konkret yanaşma tələb edən norma və prinsiplərinin qarşılığında rəsmi İrəvanın söz oyunlarının və diplomatik manipulyasiyalarının işə yaramadığını göstərdi. Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması məsələsinin Ermənistanın qarşısına imperativ tələb kimi qoyulması Paşinyan hökumətini ağır vəziyyətə salaraq, manevr imkanlarını məhdudlaşdırıb.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Siyasi ekspert bildirib ki, ABŞ-ın dövlət katibi Antoni Blinkenin Vaşinqtonda keçirilən görüşlərdən dərhal sonra mətbuata açıqlamasında prosesdə ciddi irəliləyişin əldə olunduğunu bəyan etməsi, Ermənistanın xarici işlər nazirliyinin isə daha çox fikir ayrılıqlarına diqqət çəkməsi rəsmi İrəvanın Vaşinqton danışıqlarından narazı qaldığını təsdiqləyirdi. Şübhəsiz ki, prosesdən narazı qalan yalnız Ermənistan deyildi. Bölgəni nüfuz dairəsində saxlamağa cəhd göstərən və bu məqsədlə də Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşmasını arzulamayan digər aktorlar da Vaşinqton görüşünün nəticələrindən razı görünmürdülər. Bu amil özünü maraqlı qüvvələrin rəsmi və qeyri-rəsmi sözçülərinin açıqlamalarında da büruzə verirdi.
“Vaşinqton görüşündən sonra yaranmış vəziyyət Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə aparılması nəzərdə tutulan danışıqlarda Azərbaycanın kifayət qədər üstün mövqedə olduğunu nümayiş etdirir, Ermənistan üçün isə daha əvvəl əldə olunmuş razılaşmalardan, həmçinin öhdəliklərindən qaçmaq üçün çıxış yolu qoymurdu. Həm bu səbəbdən, həm də bölgəyə təsir imkanlarını qoruyub-saxlamağa çalışan xarici qüvvələrin təhrikçi təlimatlarını yerinə yetirmək məqsədilə rəsmi İrəvan Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqeləri atəşə tutularaq vəziyyətin gərginləşdirilməsi üçün təxribat xarakterli hərəkətlərə yol verildi”, - deyə E.Mirzəbəyli qeyd edib.
Siyasi ekspertin fikrincə, Azərbaycan hərbçisinin məqsədli atəş nəticəsində yaralanması faktı da deməyə əsas verir ki, Ermənistan təxribatı planlı şəkildə gerçəkləşdirib və bu məqsədlə əvvəldən əraziyə snayperləri cəlb edib. Baş verən təxribat faktı bir daha sübuta yetirir ki, rəsmi İrəvanın münasibətlərin normallaşması və sülh müqaviləsi ilə bağlı səsləndirdiyi bəyanatlar söz yığınından başqa bir şey deyil. Eyni zamanda, Ermənistanın təxribatçı davranışlarına son qoyulması üçün beynəlxalq təsir mexanizmlərinin işə salınmasına, müstəqil siyasət yürüdə bilməyən, təhrikçi qüvvələrin ziddiyyətlərin dərinləşməsinə xidmət edən təlimatlarını yerinə yetirməklə ənənəvi metodlarından əl çəkməyən rəsmi İrəvanın sülhə məcbur edilməsinə ehtiyac var.
“Ermənistanın danışıqlar prosesinin tamamilə pozulmasına xidmət edən təxribatçı hərəkətlərinə münasibətdə həm Vaşinqton, həm də Brüssel konkret mövqe sərgiləməli, Cənubi Qafqazda yaşayan bütün xalqlar üçün təhlükə mənbəyinə çevrilən bu ölkənin təxribatlarına birdəfəlik son qoyulmalıdır”, - deyə Elçin Mirzəbəyli fikirlərini yekunlaşdırıb.