SİYASƏT
VAŞİNQTONDA “AZƏRBAYCAN–ABŞ STRATEJİ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA DİASPORUN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-da fəaliyyət göstərən “US Azeris Network” (USAN) şəbəkəsinin birgə təşkil etdikləri konfransda Amerikadakı Azərbaycan diasporunun siyasi fəallığı, keçdiyi yol və perspektivləri müzakirə olunacaqdır. Bundan əlavə, bu ölkədə yaşayan azərbaycanlıların ABŞ cəmiyyətinə inteqrasiyası və ictimai münasibətlərin inkişafında rolu, Konqres, hökumət və ictimaiyyətlə əlaqələr istiqamətində Azərbaycan diasporu üçün tövsiyələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Dövlət Komitəsindən bildirmişlər ki, konfransın əsasən enerji təhlükəsizliyi məsələlərinə həsr ediləcək ikinci hissəsində Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, enerji təhlükəsizliyi, Azərbaycanın enerji ehtiyatlarının ikitərəfli və çoxtərəfli münasibətlərdə rolu və s. barədə danışılacaqdır. Eyni zamanda, diaspor quruculuğunda xidmətlərinə görə USAN şəbəkəsinin fəallarına “US Azeris Network”un mükafatları təqdim olunacaqdır.
Konfransda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Asim Mollazadə, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Dövlət Komitəsinin əməkdaşları, habelə ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri Mətyu Brayzə, ABŞ Konqresinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Solomon Ortiz, Dövlət Departamentinin, Dünya Bankının təmsilçiləri iştirak edəcəklər.
Konfrans başa çatdıqdan sonra Vaşinqtondakı “Kennedi” mərkəzində Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert olacaqdır.