DÜNYA
Vaşinqtonda “Türkiyənin Suriyada və regionda rolu. Qadın cinsindən olan qaçqınların perspektivi” mövzusunda brifinq keçiriləcəkdir
Vaşinqton, 28 noyabr (AZƏRTAC). Türkiyə-Amerika Assosiasiyalar Assambleyasının (TAAA) verdiyi məlumata görə, noyabrın 30-da Vaşinqtonda “Türkiyənin Suriyada və regionda rolu. Qadın cinsindən olan qaçqınların perspektivi” mövzusunda brifinq keçiriləcəkdir.
Tədbirdə əsas məruzəçi Türkiyə Böyük Millət Məclisinin və Avropa Şurasının Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin üzvü, doktor Pelin Gündeş-Bakır olacaqdır. “TAAA Türk Evi”ndə keçiriləcək brifinqdən sonra rəsmi qəbul təşkil ediləcəkdir.
Doktor Gündeş-Bakır Türkiyənin Suriyada və bütün regionda rolunu, o cümlədən qadın cinsindən olan qaçqınlara münasibətdə mövqeyini müzakirə edəcəkdir.
Suriyada münaqişə başlayandan bəri 150 mindən çox suriyalı qaçqın Türkiyədə sığınacaq tapmışdır. Onların əksəriyyəti qadınlar və uşaqlardır. Türkiyə Parlamentinin üzvü özünün həmin qaçqınlarla iş təcrübəsi, habelə Türkiyədə və regionda qadın cinsinin nümayəndələrinin vəziyyəti barədə söhbət açacaqdır. Xanım Gündeş-Bakır Vaşinqtona Cenevrədən gələcəkdir. Noyabrın 26-da o, Cenevrədə Avropa Şurasının Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsində “Avropa miqrantları inteqrasiya edə bilərmi?” mövzusunda məruzə ilə çıxış etmişdir. Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan doktor Gündeş-Bakır bu ilin mart ayında Kayseri bölgəsindən ölkə parlamentinə seçilmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton