CƏMİYYƏT
“Vəkil olmaq istəyirəm” mövzusunda yay məktəbi keçirilir
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə avqustun 15-dək “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi keçirilməkdədir.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsinə töhfə verməkdən ibarətdir.
On üç yerli və xarici universitetdən 300-ə yaxın hüquqşünas tələbənin qatıldığı yay məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər təşkil edilir.
Yay məktəbini uğurla başa vuran hüquqşünas tələbələrə sertifikatlar təqdim olunacaq, proqramı fərqlənmə ilə bitirən 30 tələbə isə bölgələrdə keçiriləcək yay düşərgəsində iştirak etmək hüququ qazanacaqlar.
Vəkillər Kollegiyasının, Gənclər Fondunun, ali təhsil müəssisələrinin, vəkil qurumlarının rəhbər nümayəndələrinin, Milli Məclisin deputatlarının, beynəlxalq səviyyədə tanınan təlimçi və ekspertlərin, eləcə də KİV nümayəndələrinin iştirakı ilə yay məktəbinin təntənəli açılış və təqdimat mərasimi keçirilib.
Kollegiya sədri Anar Bağırov ölkədə ilk dəfə bu miqyasda yay məktəbinin keçirilməsindən, natiqlik və hüquqi biliklərinin artırılması da daxil olmaqla tədris proqramında tələbələr üçün olduqca faydalı şəkildə hazırlanmış mövzulardan, ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın uğurlarından, tələbələrin və gənclər təşkilatlarının təşəbbüslərinə kollegiya tərəfindən dəstəyin göstərilməsinin daim diqqət mərkəzində olmasından, vəkil bürolarında keçirilən təcrübə proqramlarından bəhs edib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclər siyasətinin Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bu yay məktəbinin də gənc hüquqşünasların ixtisaslaşmasına böyük töhfə verəcəyini qeyd edib.
Fərid Cəfərov bildirib ki, fəaliyyət göstərdiyi 10 il ərzində Gənclər Fondunun dəstəyi və təşkilatçılığı ilə 5 mindən çox layihə həyata keçirilib və bir çox gənclərimiz beynəlxalq təlimlərdə iştirak edib. Ötən dövrdə 50-dən çox azərbaycanlı gənc fondun dəstəyi ilə Avropa Parlamentində təcrübə proqramında iştirak ediblər. Son 3 ildə fond yüksək göstəriciləri ilə fərqlənən və sosial həssas əhali qruplarına aid olan 1200-dən çox tələbənin təhsil xərclərini öz üzərinə götürüb.
Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov təqdimat ilə çıxış edərək, son 4 ilyarım ərzində kollegiyanın müxtəlif sahələrdəki fəaliyyəti, həyata keçirilən islahatlar, yerli və beynəlxalq sahədə görülən çoxsaylı işlər və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və ötən il üzrə kollegiyanın bütün fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Milli Məclisin deputatı Erkin Qədirli çıxış edərək, yay məktəbinin hüquq fakültəsi tələbələrinin inkişafındakı əhəmiyyəti, formal təhsildən qeyri-formal təhsilə keçid barədə danışıb, o cümlədən tələbələrin bu sahədə biliklərinin arıtılmasında roluna görə kollegiyaya və fonda təşəkkürlərini bildiriblər.
Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin Tədris işləri üzrə koordinatoru Günay Sultanova təqdimat ilə çıxış edərək, yay məktəbinin proqramı və iştirakçıları barədə statistik məlumatlar təqdim edib.
Açılış mərasiminin yekununda müraciət edən bir neçə tələbə yay məktəbi barədə öz təəssürat və fikirlərini bölüşüblər.