ELM VƏ TƏHSİL
Veliko Tırnovo Universitetində Nəsimi və Cəlil Məmmədquluzadənin bolqar dilinə tərcümə edilmiş kitablarının təqdimatı keçirilib
Sofiya, 15 noyabr, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşəbbüsü ilə Müqəddəs Kirill və Metodiy adına Veliko Tırnovo Universitetində dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi və görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin bolqar dilinə tərcümə edilmiş kitablarının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska xalqımızın zəngin mədəni irsi barədə məlumat verərək şifahi xalq ədəbiyyatımızın ilk örnəklərindən olan “Kitabi-Dədə Qorqud” dastanından tutmuş yazılı ədəbiyyatımızın qüdrətli nümayəndələrindən olan Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Saib Təbrizinin bədii-ədəbi fikrin inkişafındakı xidmətlərindən söz açıb.
Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi belə qüdrətli sənətkarların sırasında İmadəddin Nəsiminin görkəmli yer tutduğunu vurğulayan S.Şıqayeva-Mitreska mütəfəkkir şairin Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısı olduğunu deyib. O, qüdrətli söz sənətkarının tərcümeyi-halı barədə tədbir iştirakçılarına məlumat verərək onun Azərbaycanın qədim elm və ədəbiyyat mərkəzlərindən biri olan Şamaxıda dünyaya göz açdığını, onun uşaqlıq və gənclik illərinin bu şəhərdə keçdiyini qeyd edib. Direktor, həmçinin Nəsimi lirikasının əsasını təşkil edən hürufizmdən danışıb. O qeyd edib ki, şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn, böyük mənəvi sərvət olan kamil insan ədalətli cəmiyyət yaratmağın real əsasını təşkil edir. Nəsimi insanı klassik Azərbaycan şeirindəki eşq mehrabından çıxararaq, ilahi varlıq müstəvisinə doğru yol gedən həqiqət aşiqi qismində tərənnüm edib. Nəsimi daha çox aşiqanə ruhda inkişaf edən Azərbaycan poeziyasında ictimai motivlərin meydanını genişləndirib, nəsihətçiliyi arxa plana salıb, həyat fəlsəfəsi və mübarizə ruhunu ön mövqeyə gətirib.
S.Şıqayeva-Mitreska İmadəddin Nəsiminin mükəmməl avtoportreti hesab olunan “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlanan məşhur qəzəlinin bədii şərhini verib. O, qəzəli Azərbaycan və bolqar dillərində səsləndirib və bu əsərin Şərq poeziyasında insan haqqında ən möhtəşəm poetik monoloq olduğunu deyib.
Daha sonra görkəmli Azərbaycan yazıçısı, böyük dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə məlumat verən S.Şıqayeva-Mitreska onun ədəbiyyatımızda “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və tənqidi realizm ədəbi cərəyanının görkəmli nümayəndəsi kimi böyük şöhrət qazandığını bildirib. O, Cəlil Məmmədquluzadəni kiçik hekayələr ustadı və satirik publisistikanın dəyərli nümayəndəsi kimi xarakterizə edib. Diqqətə çatdırıb ki, Azərbaycan realist nəsrinin satirik istiqamətdə inkişaf etdirilməsi Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. Kiçik hekayələrdə xalq həyatının bədii ədəbiyyata gətirilməsi də ilk dəfə Cəlil Məmmədquluzadənin nəsrində gerçəkləşib. S.Şıqayeva-Mitreska Cəlil Məmmədquluzadənin kiçik hekayələrində romanlara sığa biləcək ciddi və əhəmiyyətli ictimai məsələlərin təsvir olunduğunu, bu hekayələrdə məharətlə yığcam və cəlbedici süjet əsasında mənsub olduğu xalqın taleyi ilə bağlı mühüm mətləblərdən bəhs etdiyini vurğulayıb.
Daha sonra o, Cəlil Məmmədquluzadənin əsərlərini təhlil edib, yazıçının hekayələrindən parçalar səsləndirib.
Sonda S.Şıqayeva-Mitreska tələbələrin suallarını cavablandırıb və onlara kitablar hədiyyə edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya