DÜNYA
Venesuelanın hakimiyyət orqanları iğtişaşların davam etdiyi Karakasa əlavə qüvvələr göndərmişlər
Bakı, 18 mart (AZƏRTAC). Venesuela paytaxtının Çakao bələdiyyəsinin ərazisinə əlavə polis və milli qvardiya qüvvələri yeridilmişdir. Bu barədə Bolivar respublikasının daxili işlər naziri Migel Rodriges məlumat vermişdir.
Onun sözlərinə görə, həmin qərar Karakasın şərqində asayişi bərpa etmək məqsədi ilə qəbul olunmuşdur. Polisin və milli qvardiyanın bir neçə bölməsi paytaxtın Altamir meydanında nəzarəti onun bütün perimetri boyu gücləndirmişdir. Müxalifət kütləvi iğtişaşlar başlayandan etibarən burada müntəzəm etiraz aksiyaları təşkil etmiş, barrikadalar qurmuşdur.
Fevralın 12-də Karakasda və Venesuelanın iri şəhərlərində gənclərin ölkə hökumətinin siyasəti əleyhinə və lehinə nümayişləri başlanmışdır. Gənclər Gününə həsr olunmuş kütləvi yürüşlər əvvəlcə sakit şəraitdə keçmişdir, lakin nümayişçilər cərgə ilə paytaxt küçələrində addımlayanda onlarla asayiş keşikçiləri arasında toqquşmalar baş vermişdir.
Polisin məlumatına görə, o vaxtdan etibarən 500-dən çox zorakılıq aktının qarşısını almaq, 1,5 mindən çox nümayişçini saxlamaq mümkün olmuşdur. Son məlumatlara görə, iğtişaş qurbanlarının sayı 29 nəfərə çatmış, daha 365 adam zərər çəkmişdir.
2013-cü ilin aprelində əsas opponenti, müxalifətin lideri Enrike Kaprilesi cəmi 1,5 faiz qabaqlayıb prezident seçilmiş Nikolas Maduronun əleyhdarları Venesuelanın hakimiyyət orqanlarına bir sıra tələblər irəli sürmüşlər.
Onlar cinayətkarlığın baş alıb getməsinə son qoyulmasını, ölkədə təhlükəsizliyi möhkəmləndirməyi, “aclığı, növbələri və mal qıtlığını” ləğv etməyi, etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunan bütün vətəndaşların azadlığa buraxılmasını, kütləvi nümayişlər zamanı törədilən bütün cinayətlərin müstəqil araşdırılmasını tələb edirlər.
Bundan əlavə, müxalifət ölkədə yaranmış vəziyyətin həllinə beynəlxalq müşahidəçilərin cəlb olunmasını təklif edirlər.
N.Maduro martın əvvəlində ölkənin bütün siyasi, iqtisadi və sosial qüvvələrinə müraciət edərək, onlara böhranın aradan qaldırılmasına yönəlmiş sülh konfransı keçirilməsini təklif etmişdir.
Lakin müxalifət dövlət başçısının təşəbbüsünü xalqın diqqətini mühüm problemlərdən yayındırmaq üçün növbəti cəhd adlandırıb, həmin təklifi rədd etmişdi.