SİYASƏT
“Vestnik Kavkaza”: AFR hökumətinin cavabı Edvard Nalbandyanın Berlin səfəri ərəfəsində rəsmi Yerevanın kefinə soğan doğramışdır
Berlin, 14 mart (AZƏRTAC). “Vestnik Kavkaza” nəşrinin yazdığına görə, Bundestaqın saytında Dağlıq Qarabağda aeroportun açılmasının mümkünlüyü məsələsində Almaniya dövlətinin mövqeyi haqqında parlamentin deputatı Katrin Vernerin sorğusuna AFR XİN-in dövlət naziri Korneliya Piterin cavabı yerləşdirilmişdir.
Federal hökumətin cavabının “Vestnik Kavkaza” nəşrində dərc olunmuş tərcüməsində deyilir: “Xankəndi aeroportunun Azərbaycan tərəfinin icazəsi olmadan açılması 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında imzalanmış atəşkəs haqqında sazişin ruhuna ziddir və Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi təhlükəsi daşıyır. ATƏT-in Minsk qrupunun həmsədrləri 2012-ci il iyulun 13-də bildirmişlər ki, Xankəndi aeroportunun işə salınması status-kvo vəziyyətinin dəyişməsinə xidmət edə bilməz və tərəfləri beynəlxalq hüquqa müvafiq hərəkət etməyə çağırmışlar. Federal hökumət ATƏT-in Minsk qrupunun gərginliyi qızışdıra biləcək bütün tədbirlərdən çəkinməyin zəruri olduğunu və münaqişəsinin sülh yolu ilə həllinə can atmağı yenidən Azərbaycan və Ermənistana çatdırmaq səylərini Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə dəstəkləyir”.
AFR hökumətinin Dağlıq Qarabağda aeroportun açılması məsələsi ilə bağlı rəsmi Yerevanı əsla razı sala bilməyəcək bu dəqiq mövqeyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bu ölkəyə rəsmi səfərinin başlanması ərəfəsində Bundestaqın saytında yerləşdirilmişdir.