İDMAN
Vətən müharibəsi qazisi: Formula 1 yarışını ilk dəfə izləməyin sevincini və həyəcanını yaşayıram
Bakı, 10 iyun, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçılarının şəhid ailələri üzvlərini və qaziləri bu mötəbər yarışı izləməyə dəvət etmələri bizə göstərilən yüksək diqqət və qayğının daha bir göstəricisidir. Bizə göstərilən yüksək diqqətə və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vətən müharibəsi qazisi İlkin Əliyev deyib.
Möhtəşəm Formula 1 yarışının ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən qazi bildirib: “Belə mötəbər yarışlar ölkəmizin təbliğində mühüm rol oynayır. Çox şadıq ki, Qran-Prini izləmək üçün dəvət edilmişik. İlk dəfədir Formula 1 yarışı izləyirəm və bu həyəcanı yaşayıram. Doğrudan da Formula 1 yarışını izləmək insana tamamilə fərqli hisslər yaşadır. Bu hissi sözlə ifadə etmək mümkün deyil, bu hissi ancaq yaşamaq lazımdır”.