MƏDƏNİYYƏT
Vətən torpağının hər qarışında bir tarix yatır
Gəncə, 21 avqust (AZƏRTAC, Sabir Əliyev). Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Astara və Lerik rayonlarının məktəbliləri avqustun 21-də Şəmkir rayonuna gəldilər.
AZƏRTAC xəbər verir ki, burada mehribanlıqla qarşılanan şagirdlər rayon ilə tanışlığa arxeoloji qazıntılar zamanı Muxtariyyə kəndi ərazisində aşkar edilmiş qədim Şəmkir şəhər qalasından başladılar.
Burada qazıntı zamanı üzə çıxarılmış qədim Şəmkir şəhərinin qalıqlarına baxdıqdan sonra şagirdlər Gənclər Mərkəzində oldular. Mərkəzlə tanışlıq zamanı məktəblilərə məlumat verildi ki, rayon gəncləri asudə vaxtlarının çox hissəsini burada keçirirlər. Onlar Mərkəzdəki elektron kitabxanadan istifadə edir, müxtəlif intellektual oyunlar və maraqlı diskussiyalar keçirirlər.
Tur-aksiya iştirakçılarının Şəmkir ilə tanışlığı Bayraq muzeyində davam etdirildi. Burada Azərbaycanın müxtəlif dövrlərdə mövcud olan bayraqları haqqında şagirdlərə ətraflı məlumat verildi.
Astara və Lerik məktəbliləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərə maraqla baxdılar.
Şəmkirin digər tarixi yerləri ilə tanışlıqdan sonra Astara və Lerik məktəbliləri ekskursiyanı Göygöl rayonunda davam etdirdilər.
Heydər Əliyev parkının qarşısında qarşılanan şagirdlərə bildirildi ki, Ümummilli Liderin adını daşıyan bu park iki ildir ki, əsaslı təmir və yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib. Burada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gənclər Mərkəzi, kinoteatr, açıq idman meydançası və digər əyləncə məkanları inşa edilib.
Tur-aksiyanın iştirakçıları parkdakı istirahət məkanlarını gəzdilər, həmçinin Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Məlumat verildi ki, mərkəz bir neçə bölmədən ibarətdir. Burada 3D formatlı kinoteatr, elektron kitabxana, internet-kafe, intellektual oyun zalı və s. rayon sakinlərinin ixtiyarındadır.
Sonra Astara və Lerik rayonlarının şagirdləri vaxtilə almanların yaşadıqları evlərin yerləşdiyi küçələrdə, Lüteran kilsəsində, həmçinin burada yaşamış sonuncu alman Viktor Klaynın ev-muzeyində oldular.
Rayon ilə tanışlıq zamanı ürək sözlərini AZƏRTAC-a söyləyən Lerik məktəblilərindən ibarət qrupun rəhbəri, rayon icra hakimiyyətinin məsul işçisi Zamiq Əhədov dedi ki, doğrudan da Vətən o vaxt Vətən olur ki, onun hər qarışına bələd olasan. Mən bu aksiyada iştirak edənədək elə bilirdim ki, ölkəmizi yaxşı tanıyıram. Lakin Gəncə, Şəmkir və Göygöllə yaxından tanış olanda gördüm ki, yanılmışam. İndi sevinirəm ki, respublikamızın qərb bölgəsi haqqında az-çox məlumatım var. Buna görə dövlətimizin başçısı İlham Əliyevə minnətdaram.