CƏMİYYƏT
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələrinə, həmçinin ictimai rəyin öyrənilməsinə dair təqdimat keçirilib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda qurumun sədri Ülvi Mehdiyev, struktur bölmələrin rəhbərləri, “ASAN xidmət” mərkəzlərinin direktorları iştirak ediblər.
Agentliyin nəzarət və qiymətləndirmə şöbəsinin həyata keçirdiyi təqdimat zamanı vətəndaş müraciətlərinin “ASAN xidmət” mərkəzləri, o cümlədən müvafiq xidmətlər üzrə bölgüsünə, mərkəzlərin fəaliyyəti ilə bağlı təklif və şikayətlərə dair statistik nəticələr dinlənilib, ictimai rəyin ətraflı təhlili barədə məlumatlar təqdim olunub.
Həmçinin vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində perspektiv plan və layihələr barədə məlumat verilib.
Sonda müvafiq istiqamətlər üzrə işin təkmilləşdirilməsi ilə bağlı qərarlar verilib.