DÜNYA
“Viber” messencerinin yeni versiyasında şəkillərə stiker bərkitmək mümkündür
Bakı, 30 mart, AZƏRTAC
“Viber” şirkəti eyniadlı messencerinin mobil proqramının “iOS” və “Android” platformaları üçün yeni versiyasını istifadəyə verib. İndi “Viber 6.8” versiyasında göndərilən şəkillərə stikerlər bərkitmək imkanı əlçatandır.
AZƏRTAC “cnews.ru” saytına istinadən xəbər verir ki, messencerin yeni versiyasında, həmçinin istifadəçilər üçün xüsusi stikerpak (göndərilən şəkillər üçün stikerlər) əlçatan olub. Əyləncəli aksesuarlar şəklində olan stikerlər göndərilən hər bir fotoşəkli fərdiləşdirməyə kömək edəcək. Ötən il “Viber” messencerində 40 milyarddan çox stiker göndərilib. “Fotoşəkillər üçün stikerlər” kolleksiyası messencerin çoxmilyonlu auditoriyası üçün əyləncəli ünsiyyət və özünü ifadə etmək üçün daha geniş imkanlar açacaq.
Hazırda “Viber” messencerində 32 mindən çox stiker əlçatandır. Bu halda şəkil və stikerlərin göndərilməsi xidmətin funksiyaları arasında populyarlığına görə ikinci və üçüncü yerləri tutur.