Azərbaycan Dövlət İnformasiya Agentliyi

VII FƏSİL
ƏLAQƏLİ ŞƏXSLƏRLƏ BAĞLANAN ƏQDLƏR

Maddə 68. Sığortaçının əlaqəli şəxsləri

68.1. Bu Qanunun məqsədləri üçün sığortaçının əlaqəli şəxsləri aşağıdakılardır:

68.1.1. sığortaçının idarəetmə orqanının üzvü və onun yaxın qohumları;

68.1.2. sığortaçının nizamnamə kapitalında mühüm iştirak payına sahib olan hüquqi şəxs və ya fiziki şəxs, yaxud onun yaxın qohumları;

68.1.3. sığortaçının asılı cəmiyyəti və ya sığortaçının asılı cəmiyyətinin rəhbər işçisi, onun yaxın qohumları və ya bu asılı cəmiyyətin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan hüquqi şəxs və ya fiziki şəxs, yaxud onun yaxın qohumları;

68.1.4. sığortaçının idarəetmə orqanının üzvünün əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs.

68.2. Bu Qanunun 68.1-ci maddəsində göstərilmiş şəxslərdən başqa, sığorta nəzarəti orqanı öz mülahizəsi əsasında sığortaçının idarə edilməsinə və ya əməliyyatlarına hər hansı üsulla mühüm təsir göstərmək imkanı olan şəxsləri də sığortaçının əlaqəli şəxsləri kimi qəbul edə bilər.

68.3. Əqd sığortaçının törəmə cəmiyyəti tərəfindən bağlandıqda sığortaçı tərəfindən dolayısı ilə bağlanmış hesab edilir.

Maddə 69. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlər

69.1. Sığortaçı əlaqəli şəxsləri ilə aşağıdakılar barədə əqdlər bağlaya bilər:

69.1.1. əlaqəli şəxsi olan digər sığortaçının öz üzərinə götürdüyü risklərin təkrarsığortalanması;

69.1.2. bu Qanunun investisiyalarla bağlı tələblərini nəzərə almaqla, işçisi olan əlaqəli şəxsinə borc və ya onun xeyrinə zəmanət verilməsi;

69.1.3. əlaqəli şəxsindən borca pul götürülməsi və ya ona sadə veksel verilməsi;

69.1.4. əlaqəli şəxsi ilə sığorta müqaviləsinin bağlanması;

69.1.5. əlaqəli şəxsindən aşağıdakıların satın alınması, yaxud digər yolla əldə edilməsi:

69.1.5.1. dövlət qiymətli kağızlarının və ya dövlətin zəmanət verdiyi qiymətli kağızların;

69.1.5.2. adi biznes əməliyyatlarında istifadə edilən malların.

69.2. Sığortaçı əlaqəli şəxsinə öz əmlakını əmlakın dəyərinin həmin şəxs tərəfindən tam məbləğdə ödənilməsi şərtilə sata bilər.

69.3. Sığortaçı əlaqəli şəxsinin adi biznes əməliyyatlarında təklif etdiyi xidmətlərdən istifadə edə bilər.

69.4. Sığortaçı bu Qanunun tələblərini nəzərə almaqla, adi biznes əməliyyatlarında özünün təklif etdiyi xidmətlərlə əlaqəli şəxsini təmin edə bilər.

69.5. Əlaqəli şəxs dəyərini dərhal pul formasında ödəməklə sığortaçının səhmlərini ala bilər.

69.6. Sığortaçı idarəetmə orqanının üzvü olan əlaqəli şəxsi ilə idarəetmə orqanının üzvü kimi əməyin ödənilməsi, pensiya təminatı, mükafatlandırma, opsion və digər bu kimi təminatlar barədə əqdlər bağlaya bilər.

69.7. Bu Qanunla nəzərdə tutulanlar istisna edilməklə, sığortaçı əlaqəli şəxsləri ilə digər əqdlər bağlaya bilməz.

Maddə 70. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlərə əlavə

tələblər

70.1. Sığortaçı əlaqəli şəxsi ilə bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş əqdləri yalnız aşağıdakı şərtlərlə bağlaya bilər:

70.1.1. sığortaçının Direktorlar Şurası təklif olunan əqdi sığortaçının maraqlarına və bu Qanunun 69-cu və 71-ci maddələrinin tələblərinə uyğun hesab etdikdə;

70.1.2. əlaqəli şəxslərlə bağlanan əqdlərin məcmu dəyəri sığortaçının öz vəsaitinin 10 faizindən çox olmadıqda.

Maddə 71. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlərə

məhdudiyyətlər

71.1. Sığortaçının əlaqəli şəxsi ilə bağladığı bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əqdin şərtləri sığortaçının əlaqəli şəxsi olmayan tərəfə təklif etdiyi müvafiq əqdin şərtlərindən əlverişli olmamalıdır.

71.2. Aşağıdakı hallarda sığortaçının əlaqəli şəxsinə təklif etdiyi şərtlər əlaqəli şəxsi olmayan tərəfə təklif etdiyi şərtlərdən əlverişli hesab edilir:

71.2.1. sığortaçının əlaqəli şəxsi ilə bağladığı sığorta müqaviləsinin şərtləri sığorta riskinin qiymətləndirilməsi baxımından həmin şəxslə eyni vəziyyətdə olan, lakin sığortaçının əlaqəli şəxsi hesab edilməyən tərəfə təklif etdiyi şərtlərdən əhəmiyyətli dərəcədə əlverişli olması;

71.2.2. sığortaçının əlaqəli şəxsindən əmlakın real bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətlə alması və ya ondan aşağı keyfiyyətli malların alınması;

71.2.3. sığortaçının əlaqəli şəxsinə əmlakın real bazar dəyərindən aşağı qiymətə satılması;

71.2.4. adi biznes əməliyyatlarının gedişində əlaqəli şəxs olmayan tərəflə müqayisədə, əlaqəli şəxsinin təklif etdiyi eyni cinsli və eyni keyfiyyətli malların və ya xidmətlərin dəyərinin sığortaçı tərəfindən yüksək qiymətlə ödənilməsi.

71.3. Sığortaçının bu Qanunla nəzərdə tutulmayan, bu Qanunun 70-ci maddəsinin şərtləri nəzərə alınmadan, habelə əlaqəli şəxsi olmayan tərəfə təklif etdiyi şərtlərdən əlverişli şərtlərlə əlaqəli şəxsi ilə bağladığı əqd bağlandığı andan etibarsız sayılır və heç bir hüquqi qüvvəyə malik deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin