Azərbaycan Dövlət İnformasiya Agentliyi

VIII FƏSİL
SIĞORTAÇININ FƏALİYYƏTİNDƏ ƏSASLI DƏYİŞİKLİKLƏR

Maddə 72. Sığorta və ya təkrarsığorta müqavilələrinin

ötürülməsi

72.1. Sığorta nəzarəti orqanının yazılı razılığı olduqda sığortaçı bağladığı sığorta və ya təkrarsığorta müqavilələrini tam və ya qismən digər sığortaçıya ötürə bilər.

72.2. Sığortaçının sığorta və ya təkrarsığorta müqavilələrinin digər sığortaçıya ötürmək barədə qərar qəbul etməsi üçün sığortalıların və ya təkrarsığortalıların razılığı tələb olunmur.

72.3. Sığorta və ya təkrarsığorta müqavilələrinin portfelinin digər sığortaçıya ötürülməsi barədə qərar qəbul etmiş sığortaçı müvafiq razılığın alınması üçün sığorta nəzarəti orqanına müraciət etməlidir. Sığorta nəzarəti orqanı göstərilən müraciət barədə elanı Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində aralarında 30 gün müddət olmaq və elanın dəyəri müqavilələri ötürən sığortaçı tərəfindən ödənilmək şərti ilə iki dəfə dərc etdirir.

72.4. Bu Qanunun 72.3-cü maddəsində nəzərdə tutulmuş birinci elanda sığorta və ya təkrarsığorta müqavilələrini digər sığortaçıya ötürən sığortaçının sığortalılarının və ya təkrarsığortalılarının, habelə digər maraqlı şəxslərin 30 gün müddətində özlərinə aid olan müqavilələrin ötürülməsinə etiraz etmək imkanları, həmçinin bu cür etirazın sığorta nəzarəti orqanına bildirilməsi qaydası göstərilməlidir.

72.5. Bu Qanunun 72.4-cü maddəsində göstərilən müddətdə sığortalı və ya təkrarsığortalı özünə aid olan müqavilənin başqa sığortaçıya ötürülməsinə dair etirazını bildirdikdə sığorta nəzarəti orqanı həmin müqavilənin sığortalının və ya təkrarsığortalının özünün müəyyənləşdirdiyi sığortaçıya ötürülməsi barədə müqavilələri ötürən sığortaçıya yazılı göstəriş verir.

72.6. Sığorta və ya təkrarsığorta müqaviləsinin başqa sığortaçıya ötürülməsinə etiraz edən sığortalının və ya təkrarsığortalının müəyyənləşdirdiyi sığortaçı müvafiq müqaviləni qəbul etmədikdə, sığortalı və ya təkrarsığortalının tələbi ilə sığorta və ya təkrarsığorta müqaviləsinə xitam verilə bilər. Bu halda sığorta müqaviləsi üzrə sığorta haqları tam məbləğdə sığortalıya və ya təkrarsığortalıya qaytarılmalıdır.

72.7. Sığorta və ya təkrarsığorta müqavilələrinin ötürülməsi barədə müqavilə bu Qanunun 72.3-cü maddəsində nəzərdə tutulmuş sonuncu elanın dərc edildiyi gündən 15 gün müddətində sığortaçının və hüquqi şəxs olan sığortalının Azərbaycan Respublikası ərazisindəki baş ofisində bütün şəxslər üçün adi iş vaxtlarında açıq olmalıdır.

72.8. Sığortaçının sığorta və ya təkrarsığorta müqavilələrinin tam və ya qismən digər sığortaçıya ötürməsinə razılıq verilməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını sığorta nəzarəti orqanı müəyyən edir.

72.9. Sığorta nəzarəti orqanı sığorta və ya təkrarsığorta müqavilələrinin digər sığortaçıya ötürülməsinə aşağıdakı hallarda razılıq vermir:

72.9.1. ötürülən sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortalıların, təkrarsığortalıların və digər maraqlı şəxslərin mənafeləri adekvat olaraq nəzərə alınmadıqda;

72.9.2. sığorta və ya təkrarsığorta müqavilələri ötürülən sığortaçının müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziyası və ya ötürülən sığorta müqavilələrinin aid olduğu sığorta növü üzrə müvafiq icazəsi olmadıqda;

72.9.3 sığorta və ya təkrarsığorta müqavilələri ötürülən xarici təkrarsığortaçının öz ölkəsinin qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq lisenziyası olmadıqda.

Maddə 73. Sığortaçıların birləşmə yolu ilə yenidən təşkili

73.1. Sığortaçı yalnız sığortaçı olan digər hüquqi şəxslə (şəxslərlə) birləşə bilər. Belə birləşmənin həyata keçirilməsi üçün sığorta nəzarəti orqanının razılığı tələb olunur.

73.2. Sığortaçıların birləşməsi nəticəsində təsis edilən yeni hüquqi şəxs açıq səhmdar cəmiyyəti formasında olmalıdır.

73.3. Birləşmə barədə qərar qəbul etmiş sığortaçılar müvafiq razılığın alınması üçün sığorta nəzarəti orqanına müraciət etməlidirlər. Sığorta nəzarəti orqanı göstərilən müraciət barədə elanı Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetinin hər birində aralarında 30 gün müddət olmaq və dəyəri birləşən sığortaçılar tərəfindən ödənilmək şərti ilə, iki dəfə dərc etdirir.

73.4. Bu Qanunun 73.3-cü maddəsində nəzərdə tutulmuş birinci elanda birləşən sığortaçıların sığortalılarının, təkrarsığortalılarının və digər maraqlı tərəflərin 30 gün müddətində bu birləşməyə etiraz etmək imkanları, həmçinin bu cür etirazın sığorta nəzarəti orqanına bildirilməsi qaydası göstərilməlidir.

73.5. Sığortaçıların birləşməsi barədə müqavilə bu Qanunun 73.3-cü maddəsində nəzərdə tutulmuş sonuncu elanın dərc edildiyi gündən 15 gün müddətində qeyd olunan müqavilə iştirakçısı olan tərəflərin Azərbaycan Respublikası ərazisindəki baş ofisində istənilən bütün şəxslər üçün adi iş vaxtlarında açıq olmalıdır.

73.6. Sığortaçıların birləşməsinə razılıq verilməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını sığorta nəzarəti orqanı müəyyən edir.

73.7. Birləşmə nəticəsində sığortaçı kimi yenidən təşkil edilən açıq səhmdar cəmiyyəti bu Qanunun lisenziyalaşdırma ilə bağlı tələblərinə uyğun olmadıqda sığorta nəzarəti orqanı birləşməyə razılıq vermir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin