DÜNYA
Vikipediya ən çətin suallara cavab verəcəkdir
Bakı, 9 aprel (AZƏRTAC). Planetin əsas onlayn ensiklopediyası artıq yaxın vaxtlarda qeyri-adi suallara cavab verə biləcəkdir. İtaliya və ABŞ-dan kompyuter mütəxəssisləri ensiklopediyanı, məsələn, son 25 ildə ABŞ Kinoakademiyasının mükafatını almış 30 yaşınadək aktrisaların siyahısını tərtib etməyi öyrədəcəklər.
“SWiPE” adlı modul onlayn ensiklopediyanın istifadəçilərinə ən çətin suallara cavab axtarmaqda kömək edəcəkdir.
Bunun üçün Vikipediyanın hər hansı səhifəsinin müvafiq kənarında zəruri meyarları yazmaq lazımdır. Məsələn, yuxarıda qeyd olunan suala cavab tapmaq üçün “məşğuliyyəti” bəndində “aktrisa”, “doğum ili” bəndində 1982, “mükafatın təqdim olunduğu il” bəndində 1987 yazmaq kifayətdir.
Yeni plaginin müəllifləri Kalyari Universitetinin dosenti Maurisiyo Atsori və Kaliforniya Universitetinin professoru Karlo Saniolodur. Yeni modul aprelin 16-20-də Fransanın Leon şəhərində keçiriləcək “ World Wide Web 2012” konfransında təqdim olunacaqdır.
Hazırda axtarış sistemləri eyni vaxtda bir neçə meyar əsasında tərtib olunmuş siyahılar təqdim edə bilmir. Lakin gələcəkdə, ehtimal ki, İnternet istifadəçiləri axtarış sətrinə konkret suala yaza biləcəklər.