İDMAN
Vladimir Putin 2014-cü il dünya çempionatının Rio-de-Janeyroda keçiriləcək final matçına gələcəkdir
Bakı, 20 iyun (AZƏRTAC). Rusiya Federasiyasının Prezidenti Vladimir Putin futbol üzrə növbəti dünya birinciliyinə ev sahibliyi edəcək ölkənin Prezidenti kimi, Braziliyada futbol üzrə dünya çempionatının iyulun 13-də keçiriləcək final matçına tamaşa etməyə gələcəkdir.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat vermişdir.
Y.Uşakov demişdir: “İyulun 13-də Prezidentin dünya çempionatının final matçına gedəcəyi planlaşdırılır. Bu onunla bağlıdır ki, Rusiya növbəti (2018-ci ildə keçiriləcək) dünya çempionatının təşkilatçısı olacaqdır”.
Onun sözlərinə görə, matçdan sonra rəmzi estafetin Rusiyaya ötürülməsi ilə əlaqədar mərasim keçiriləcəkdir.
Bir qədər əvvəl FİFA-nın prezidenti Yozef Blatter Federasiyanın həftəlik nəşrində müəllif sütununda yazmışdır ki, o, Rusiya liderini çempionatda gözləyir. Y.Blatter yazır: “Rio-de-Janeyrodakı “Marakana” stadionunda çempionatın bağlanış mərasimində Rusiya Prezidenti Vladimir Putin 2018-ci il dünya çempionatının təşkilatçısı vəzifələrini Braziliyadan formal şəkildə qəbul edəcəkdir. Əminəm ki, Putin bu vəzifənin bütün məsuliyyətini qəbul edəcək, sentyabr ayında isə mən hazırlıq işlərinin necə getdiyini yoxlamaq üçün Moskvaya səfər edəcəyəm”.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirmişdir ki, Putin Braziliyaya BRİKS ölkələrinin iyulun 15-də Fortaleza şəhərində keçiriləcək sammitində iştirak etmək üçün gələcəkdir.
2014-cü il dünya çempionatının final matçı iyulun 13-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçiriləcəkdir.
2018-ci il dünya çempionatı həmin il iyunun 8-dən iyulun 8-dək 11 şəhərdə 12 stadionda keçiriləcəkdir. Dünya çempionatının püşkatma mərasiminin 2015-ci il iyulun 15-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılır. Bu mərasimdə 2018-ci il dünya çempionatının seçmə turnirində iştirak edəcək bütün komandalar regional zonalarda qruplar üzrə paylanacaqlar.