SİYASƏT
Vladimir Putin Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının üzvü olan dövlətlərin ərazisində hərbi infrastruktur obyektlərinin yerləşdirilməsi barədə Protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim etmişdir
Moskva, 19 iyun (AZƏRTAC). Rusiya Prezidenti Vladimir Putin 2011-ci il dekabrın 20-də Moskvada imzalanmış Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) üzvü olan dövlətlərin ərazisində hərbi infrastruktur obyektlərinin yerləşdirilməsi haqqında Protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim etmişdir.
Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, Protokol Dövlət Dumasına Rusiya Federasiyası Konstitusiyasının 84-cü maddəsinin “q” bəndi əsasında və “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” Federal Qanuna müvafiq surətdə təqdim olunmuşdur.
İzahat qeydində göstərilir ki, Federal Qanun layihəsinə görə, KTMT-nin üzvü olan dövlətlərin ərazisində hərbi infrastruktur obyektlərinin yerləşdirilməsi haqqında KTMT-nin üzvü olan bütün dövlətlər tərəfindən 2011-ci il dekabrın 20-də Moskvada imzalanmış Protokolun onların gələcəkdə möhkəmlənməsi və KTMT-nin səmərəliliyinin artırılması məqsədi ilə ratifikasiyası nəzərdə tutulur. Protokola müvafiq olaraq, KTMT-nin üzvü olan dövlətlər öz ərazisində KTMT-nin üzvü olmayan dövlətlərin qoşun (silahlı qüvvələr) qruplaşmalarının, hərbi infrastruktur obyektlərinin yerləşdirilməsi haqqında qərarı KTMT-nin üzvü olan digər dövlətlərlə təxirəsalınmaz məsləhətləşmələr (razılaşdırmalar) apardıqdan sonra və onların rəsmi etirazı olmadıqda qəbul edirlər.
Vladimir Putinin sərəncamı ilə Rusiya xarici işlər nazirinin birinci müavini Andrey Denisov həmin protokolun ratifikasiyası məsələsinə Federal Məclisin palataları tərəfindən baxılarkən Prezidentin rəsmi nümayəndəsi təyin edilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva