DÜNYA
Volkan Bozkırın BMT Baş Assambleyasındakı vəzifə səlahiyyəti başa çatıb
Ankara, 15 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın səlahiyyət müddəti sentyabrın 14-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Diqqətə çatdırılıb ki, bu vəzifəni daşıyan ilk Türkiyə vətəndaşı Volkan Bozkır vəzifə səlahiyyətlərini ədalətli və müvəffəqiyyətlə başa çatdırıb. V.Bozkıra bundan sonrakı həyatında və fəaliyyətində uğurlar arzu edən nazirlik vurğulayıb ki, onun ortaya qoyduğu real, qərarlı və həssas liderlik dünya ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatı ailəsi tərəfindən təqdirlə qarşılanıb.
Türkiyə Xarici İşlər Nazirliyi, həmçinin BMT Baş Assambleyasının 76-ci sessiyasına prezidentlik edəcək Maldiv xarici işlər naziri Abdulla Şahidə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan xalqı və dövləti Volkan Bozkırın BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti seçilməsini böyük fəxarətlə qarşılamışdı.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara