DÜNYA
Volqoqradda törədilmiş iki terror aktı nəticəsində həlak olanların sayı 32 nəfərə çatmışdır
Bakı, 30 dekabr (AZƏRTAC). Son məlumatlara görə, dekabrın 30-da səhər saatlarında Volqoqrad şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı artaraq 15 nəfərə çatmışdır.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, 12 nəfər hadisə yerində həlak olmuş, 2 nəfər xəstəxanaya aparılarkən yolda keçinmiş, daha 1 nəfər isə xəstəxanada ölmüşdür. Beləliklə, şəhərdə son bir sutka ərzində törədilmiş iki terror aktında 32 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır.
İnterfaks agentliyinin yaydığı xəbərə görə, trolleybusda partladılmış bombanın gücü azı 4 kiloqram trotil ekvivalentinə bərabər olmuşdur. Partlayışın təsirindən yaxınlıqda yerləşən binaların pəncərə şüşələri qırılmışdır. Şəhər sakinləri ictimai nəqliyyata minməkdən imtina edirlər.
Bazar günü Volqoqradın mərkəzi dəmir yolu vağzalında törədilmiş terror aktı nəticəsində isə 17 nəfər həlak olmuşdur.
Hər iki partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir.