REGİONLAR
“Workshop” layihəsinə start verilib
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Optimal Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Workshop” layihəsi həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihə çərçivəsində ilk seminar Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində Naxçıvan Dövlət Universitetində təhsil alan və bu sahəyə marağı olan 30 tələbənin iştirakı ilə reallaşıb.
Tədbirdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək deyib ki, muxtar respublika gənclərinin şəxsi inkişafı və karyera imkanlarının artırılması, elm, təhsil, mədəniyyət, idman, o cümlədən digər sahələrdə istedadlı kadr kimi formalaşması üçün əməli addımlar atılır. Məqsəd dövlət gənclər siyasətinin icrasına nail olmaqla gənc nəslin uğurlu gələcəyi üçün yeni imkanlar yaratmaqdır.
“Optimal Qrup” MMC-nin rəhbəri Murad Rüstəmov layihə haqqında məlumat verərək bildirib ki, müasir dövrdə proqramlaşdırma biliklərinin öyrənilməsi əhəmiyyətlidir. Seminar iştirakçıları da bu sahə ilə bağlı lazımi məlumatlar əldə edəcək və bunun əsasında praktik addımlar icra edəcəklər.
Sonra seminara start verilib. Təlimçi, informatika müəllimi İsmayıl Şirzadov gənclərə bir proqramın ən sadə formada, uzun zaman itirilmədən hazırlanması, proqramlaşdırmanın əsas məntiqi, onun əsas strukturu, iş prinsipi, həmçinin veb-səhifələrin yaradılması istiqamətində məlumatları diqqətə çatdırıb. O, proseslərin icrasını gənclərlə paralel şəkildə icra edərək, onların bu işdə müstəqil fəaliyyətinə şərait yaradıb.