Azərbaycan Dövlət İnformasiya Agentliyi

X FƏSİL
SIĞORTAÇININ MALİYYƏ SABİTLİYİ VƏ ÖDƏMƏ QABİLİYYƏTİ

Maddə 79. Sığortaçının tələb olunan kapitalı və məcmu kapitalı

79.1. Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti onun maliyyə öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmək imkanları ilə şərtlənir.

79.2. Sığortaçının tələb olunan kapitalının minimum məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

79.3. Sığortaçının tələb olunan kapitalının müəyyənləşdirilməsi qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

79.4. Sığortaçının məcmu kapitalı onun aktivlərinin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar əsasında müəyyən edilir.

79.5. Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğindən az ola bilməz.

79.6. Sığortaçının bir sığorta predmeti üzrə sığorta riskləri ilə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 10 faizindən çox olmamalıdır.

79.7. Bu Qanunun 79.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, sığortaçının əmlak sığortasına aid bir sığorta müqaviləsi üzrə risklərlə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 30 faizindən çox olmamalıdır.

79.8. Sığortaçının bir müqavilə əsasında sığortalana bilən və müəyyən sığorta hadisəsinin baş verəcəyi halda əksəriyyətinə zərər dəymə ehtimalı olan eyni kateqoriyalı sığorta predmetlərini süni şəkildə ayrı-ayrı müqavilələr əsasında sığortalaması qadağandır.

Maddə 80. Sığortaçının nizamnamə kapitalı

80.1. Sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs dövlət qeydiyyatına alınanadək onun nizamnamə kapitalı tələb olunan kapitalın sığorta nəzarəti orqanı tərəfindən müəyyən olunmuş minimum məbləğindən az olmayan hissəsində pul ilə ödənilməlidir.

80.2. Sığortaçının nizamnamə kapitalının formalaşdırılması üçün kredit və ya borc şəklində cəlb olunmuş pul vəsaitindən, girov götürülmüş və ya qanunsuz yolla əldə edilmiş əmlakdan, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz.

Maddə 81. Sığorta ehtiyatları

81.1 Sığorta ehtiyatları sığortaçının sığorta və ya təkrarsığorta müqavilələri üzrə öhdəliklərinin məcmusudur.

81.2 Sığortaçılar sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırırlar.

81.3 Sığortaçı qüvvədə olan sığorta və təkrarsığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarını formalaşdırmalıdır.

81.4 Sığortaçı həyat sığortası üzrə formalaşdırdığı sığorta ehtiyatlarından yalnız həyat sığortası müqavilələri üzrə sığorta ödənişlərinin verilməsi üçün istifadə etməlidir. Sığortaçı müflisləşdikdə və ya ləğv edildikdə həmin ehtiyatlar sığortalının və sığorta olunanın seçimi əsasında digər sığortaçıya ötürülə və ya sığorta olunana qaytarıla bilər.

81.5 Sığortaçı həyat sığortası üzrə aşağıdakı ehtiyatları formalaşdırır:

81.5.1 uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar);

81.5.2 baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;

81.5.3 bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı.

81.6 Sığortaçı qeyri-həyat sığortası üzrə aşağıdakı ehtiyatları formalaşdırır:

81.6.1. qazanılmamış sığorta haqları ehtiyatı;

81.6.2. baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;

81.6.3. bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı.

81.7. Sığortaçının qeyri-həyat sığortası üzrə formalaşdırdığı sığorta ehtiyatları onun sığorta və təkrarsığorta müqavilələri üzrə öhdəliklərinə uyğun gəlmədikdə sığorta nəzarəti orqanı ondan əlavə ehtiyatların formalaşdırılmasını tələb edə bilər.

81.8. Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması qaydaları, onları təmin edən aktivlərin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin