REGİONLAR
Xaçmazda idmançılar və məşqçiləri təltif olunublar
Xaçmaz, 4 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir qrup idmançı və onların məşqçiləri təltif olunublar.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz Rayon İcra Hakimiyyətində keçirilən görüşdə bildirilib ki, ötən il xaçmazlı idmançılar beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək 4 qızıl və 1 gümüş medal qazanıblar. Respublika yarışlarında 100-ə yaxın xaçmazlı yeniyetmə və gənc müxtəlif əyarlı medallar əldə edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əlamətdar günlə əlaqədar idmançıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan vətəndaşının fiziki sağlamlığına xüsusi önəm verən Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirir, mühüm qərarlar qəbul edir.
İdmançılar və məşqçilər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda idman sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup idmançı və onların məşqçilərinə Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.