MƏDƏNİYYƏT
Xalça sənətinin inkişafı ilə bağlı tədbirlər keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
“Azərbaycan xalçaçıları” İctimai Birliyi həyata keçirdiyi “Regionlarda xalça sənətinin inkişafına dəstək” layihəsi çərçivəsində noyabr ayında Qərb regionunda xalça sənətinin inkişafını təşviq etmək məqsədilə üç məlumatlandırıcı sessiya və müxtəlif mövzularda ustad dərsləri təşkil edib.
AZƏRTAC xəbər verir ki, ustad dərsləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə gerçəkləşib.
Layihə ilə bağlı məlumat verən İctimai Birliyin sədri, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva bildirib ki, Qazax, Ağstafa və Şəmkir rayonlarının Heydər Əliyev mərkəzlərində gənclərlə, yerli peşə təhsili mərkəzlərinin müəllim və tələbə heyəti, mədəniyyət işçiləri ilə uğurlu görüşlər, maraqlı müzakirələr və tanınmış rəssam, xalçaçıların iştirakı ilə ustad dərsləri təşkil olunub. Üç rayonda tədbir iştirakçılarının sayının 70-ə yaxınlaşması qan yaddaşımız və milli dəyərimiz olan xalça sənətinə dövlət qayğısının, böyük marağın və isti münasibətin nişanəsidir.
Məlumatlandırıcı sessiyalar zamanı təlimçi Günel Aslanova tədbir iştirakçılarına milli mədəni irsimizin incisi olan Azərbaycan xalça sənətinin tarixi, Qazax rayonuna və ümumilikdə regiona xas xalça ornamentləri və bunlarla bağlı zəngin ənənələrdən danışıb. Sonra tədbir iştirakçıları mövzu ilə bağlı suallar verib, fikir mübadiləsi aparıb, xalça sənətinin inkişafı istiqamətində qarşıya çıxan problemlərdən danışıblar. Onların fikirləri, arzu və təklifləri, qarşılaşdıqları problemlər sorğu vərəqələrində öz əksini tapıb. İştirakçılara problemlər və onların həlli istiqamətində müvafiq addımlar atılacağı bildirilib.
Əsərləri ölkəmizin hüdudlarından kənarda sərgilənən tanınmış rəssam, dizayner, batika ustası Mehriban Əliyeva Qazax və Ağstafa rayonlarında tədbir iştirakçılarına keçə sənəti üzrə ustad dərsi keçib, keçə sənətinin müasir tələbatından danışıb və gənclərlə birlikdə keçə nümunələri hazırlayıb.
Tarixi abidələri ilə məşhur olan Şəmkir rayonunda isə ustad dərsini zərif barmaqları ilə təbiətin gözəlliklərini ilmələrə köçürən, İctimai Birliyin üzvü Nazilə Əbilova qonaqlara xovlu və xovsuz xalçaların toxunmasını, bu gün də aktuallığını saxlayan xalça məmulatlarının hazırlanmasını hana arxasında nümayiş etdirib. Çeşni və eskizlərlə işləmə qaydasından söz açıb. Təlimlər auditoriyanın böyük marağına səbəb olub
İctimai Birlik üzvləri, həmçinin Qazax rayon Heydər Əliyev Mərkəzində xalça və dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərgi ilə tanış olub.