MƏDƏNİYYƏT
XALQ RƏSSAMI HAQQINDA FİLM ÇƏKİLİR
Bakı, 17 iyun (AZƏRTAC). Azərbaycanın Xalq Rəssamı Elmira Şahtaxtinskaya haqqında sənədli film çəkilir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirmişlər ki, “Yaddaş” sənədli filmlər studiyasında çəkilən filmin rejissoru Gülnarə Abdullayevadır.
Ekran əsərində tanınmış rəssam haqqında SSRİ Xalq Rəssamı Tahir Salahov, Azərbaycanın Xalq Rəssamı Səlhəb Məmmədov, memar Fuad Salayev və başqalarının xatirələri yer alacaqdır.
E.Şahtaxtinskaya Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1950) və V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir.
Rəssam görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlərini yaratmışdır.
Xalq Rəssamı haqqında çəkilmiş film Gülnarə Abdullayevanın sayca üçüncü ekran əsəridir.
Qeyd edək ki, 1930-cu ildə Bakıda anadan olan Elmira Şahtaxtinskaya 1996-cı ildə vəfat etmişdir.