Azərbaycan Dövlət İnformasiya Agentliyi

XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏYƏ

Hörmətli Bəxtiyar Vahabzadə!

Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin yüksək bədiiliklə qələmə aldığınız əsərlər milli qaynaqlardan bəhrələnərək vətənpərvərliyin tərənnümü, insanın mənəvi ucalığı və fəlsəfi düşüncələrlə səciyyələnir. Zəngin ədəbi irsimizdən və dilimizin bədii imkanlarından məharətlə istifadə edərək yaratdığınız poeziya nümunələrində dərin məna ilə emosionallıq harmonik bir vəhdət təşkil edir.

Siz yaradıcılığını vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə həsr etmiş, milli şüurun yetişməsində mühüm rol oynamış və gənc nəslin milli-mənəvi dəyərlər sistemində tərbiyə olunması işinə böyük xidmətlər göstərmiş söz ustalarımızdansınız. Poeziya sənətimizin ənənələrini zamanın sınaqlarından çıxaran və yaşadan bir şair kimi adınız ölkəmizdə daim ehtiramla çəkilir.

Dramaturji fəaliyyətinizin məhsulu olub əsil vətəndaşlıq ruhu ilə seçilən, Azərbaycan teatrlarında uğurlu səhnə təcəssümü tapan pyesləriniz şöhrətinizi daha da artırmışdır. Uzun illərdən bəri elmi-pedaqoji dairələrdə Siz gözəl tədqiqatçı alim, mahir pedaqoq və publisist kimi də tanınırsınız.

İctimai sahədə göstərdiyiniz fəaliyyət yaradıcılığınızla sıx bağlıdır. Tariximizin taleyüklü anlarında nüfuzlu el ağsaqqalı kimi Siz həqiqi vətəndaşlıq mövqeyi nümayiş etdirmisiniz. Xalqımızın yaşadığı Qanlı yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı etdiyiniz çıxışlar və atdığınız addımlar böyük əhəmiyyətə malikdir.

İnanıram ki, gənclik Sizin sənət zirvəsinə yüksələn və ictimai-ədəbi düşüncə tariximizi zənginləşdirən yaradıcılığınızdan tükənməz sənət mənbəyi kimi faydalanacaq, yurd sevgisi ilə dolu poeziyanız Azərbaycanda bundan sonra da neçə-neçə nəslə mənəvi saflıq və vətənpərvərlik ruhu aşılayacaqdır.

Sizə cansağlığı arzulayıram.

Dərin hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin