MƏDƏNİYYƏT
Xalq Şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi keçirilmişdir
Lənkəran, 11 dekabr (AZƏRTAC). Lənkəran Rayon Mərkəzi Kitabxanasında Xalq Şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş “Araz dili” mövzusunda poeziya gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Xalq Şairi Məmməd Arazın 80 illik yubileyinin qeyd edilməsi barədə Prezident İlham Əliyevin 2013-cü il 27 sentyabr tarixli Sərəncamına müvafiq olaraq keçirilən tədbirin iştirakçıları kitabxanada görkəmli şairin 80 illik yubileyi ilə bağlı təşkil edilmiş kitab sərgisi ilə tanış olmuşlar.
Rayonun mədəni-maarif müəssisələri işçilərinin, yerli şairlərin və poeziya həvəskarlarının iştirak etdikləri tədbirdə Lənkəran Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova Xalq Şairi Məmməd Arazın yaradıcılığı haqqında məruzə etmişdir.
Mərasimdə Məmməd Arazın şeirləri səsləndirilmiş, oxuculara şairin həyat və fəaliyyəti barədə hazırlanmış məlumat bülletenləri paylanılmışdır.