RƏSMİ SƏNƏDLƏR
XALQ YAZIÇISI ELÇİN ƏFƏNDİYEVƏ
Hörmətli Elçin Əfəndiyev!
Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz ədəbiyyatımıza 60-cı illərdə qədəm qoyaraq tez bir zamanda tanınan istedadlı yazıçılarımızdansınız. Həmin dövrün ideoloji qəliblərinə sığmayan üslubda yazıb-yaratmış və ədəbiyyatımızın yeni mərhələsini formalaşdırmış nasirlər arasında adınız daim hörmətlə çəkilir. Xalqımızın tarixi taleyi və bədii irsi ilə bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləriniz XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Milli mentalitetin daşıyıcıları olan qəhrəmanlarınız milli olduqları qədər də ümumbəşəridirlər. Məhz buna görə əsərləriniz istər keçmiş sovet dövründə, istərsə də indi müxtəlif dillərə tərcümə olunaraq bir cox ölkələrdə oxucuların rəğbətini qazana bilmişdir.
Müasir cəmiyyətdə insan fenomeni həmişə Sizin diqqət mərkəzinizdə olub. Ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-sosial proseslər, gərgin mənəvi-əxlaqi axtarışlar Sizin qəhrəmanlarınızın daxili aləmində öz əksini tapmışdır. Həyat haqqında olan ideal təsəvvürlərin həyatın özündən nə qədər fərqli olduğunu dərk edən qəhrəmanlarınız əslində ədəbiyyatımızın əzəli mövzusu olan insan azadlığı problemini müasir dövrdə bütün çalarları ilə təcəssüm etdirirlər.
Siz yaradıcılığınızın coxşaxəli olması ilə seçilən, müxtəlif janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindənsiniz. Teatr üçün yazdığınız əsərlər ədəbi aləmdə Sizi həm də dramaturq kimi tanıtmışdır. Ölkəmizdə, habelə dünyada gedən ədəbi-bədii proseslər barədə dövrü mətbuatda müntəzəm olaraq dərc etdirdiyiniz tənqidi məqalələr ədəbiyyatşünasların yüksək qiymətini qazanmışdır. Ssenariləriniz əsasında çəkilmiş bədii filmlər tamaşaçılar tərəfindən həmişə böyük rəğbətlə qarşılanmışdır. Sizin ictimai fəaliyyətiniz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın mənəvi birlik və həmrəyliyi işinə xidmət etmişdir.
İnanıram ki, yaradıcılığın ən yetkin dövrünü yaşayan ədib kimi Siz müasir ədəbi prosesə ciddi təsir edən yeni-yeni əsərlərinizlə bundan sonra da Azərbaycan oxucusunu sevindirəcək, müstəqillik dövrü ədəbiyyatımızın zənginləşməsi işinə öz töhfənizi verəcəksiniz.
Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2003-cü il