ELM VƏ TƏHSİL
Xaricdə təhsil almış məzunların üçüncü Təhsil Forumu keçirilmişdir
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 20-də “Four Seasons” otelində xaricdə təhsil almış məzunların “Azərbaycanda təhsilin inkişafı naminə beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmaların təklif olunması: mövcud vəziyyət və innovativ təkliflər” mövzusunda üçüncü Təhsil Forumu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin, Azərbaycan Dillər Universitetinin, Bakı Amerika Mərkəzinin, “Azərbaycan Neft Mühəndisləri” İctimai Birliyinin birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə müvafiq qurumların nümayəndələri, mütəxəssislər, təhsil işçiləri, xaricdə təhsil almış məzunlar iştirak etmişlər.
Forumda “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin sədri Vəli Hüseynov bildirmişdir ki, tədbirin əsas məqsədi xaricdə təhsil almış və təhsil sahəsinə töhfə vermək istəyən məzunlara dəstəyi nümayiş etdirmək və onları geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir.
V. Hüseynov, eyni zamanda, burada müxtəlif təqdimatların olacağını diqqətə çatdırmışdır.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
ABŞ-Azərbaycan təhsil əlaqələrinin uğurlu nəticələrindən danışan rektor “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin səmərəli fəaliyyətini də xatırlatmışdır.
Təhsil Nazirliyinin nümayəndəsi Emin Əmrullayev ölkəmizdə təhsilin inkişafı üzrə reallaşdırılan tədbirlərdən bəhs etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayan E. Əmrullayev bu Strategiyanın təhsilimizə böyük töhfələr verəcəyini bildirmişdir.
Təhsil Nazirliyinin nümayəndəsi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil aldıqlarını xatırlatmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi Natiq Əliyev təhsilin inkişafı ilə bağlı fikirlərini söyləmişdir.
Müasir dünyada təhsilin önəmli rolunu qeyd edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatlar ilə Azərbaycanın təhsil əlaqələrinin əhəmiyyətindən danışmışdır.
Səfir Azərbaycanda təhsil üzrə həyata keçirilən tədbirlər barədə müsbət fikirlərini bildirmişdir.
Forumda “Təhsilə dəstək kimi professional cəmiyyət”, “Təhsildə innovasiyaların inteqrasiyasına təsir edən amillər”, “İbtidai sinif ingilis dili dərsliklərinin qiymətləndirilməsi və s mövzularda təqdimatlar olmuş, müzakirələr aparılmışdır.