İQTİSADİYYAT
Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 9.7 milyard dollar olub
Bakı, 17 mart, AZƏRTAC
2021-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.7 milyard dollar təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bunun 5.9 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3.8 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 25.3 faiz azalaraq 2.1 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.6 milyard dollar (31.9 faiz azalma) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 477.7 milyon dollar (12.6 faiz artım) olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 40.8 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4 milyard dollar olan nəqliyyat xidmətlərinin 60.5 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.4 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.6 milyard dollar təşkil edib.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 12.7 faiz, idxalı isə 20.2 faiz artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ildə 0.3 milyard dollar olan profisit, 2021-ci ildə 0.8 milyard dollara (2.4 dəfə artım) yüksəlib. 2021-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 22.1 faiz azalaraq 0.9 milyard dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (0.6 milyard dollar) ixracı (0.3 milyard dollar) üstələməsi nəticəsində 0.3 milyard dollar həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 0.5 faiz azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 561.6 milyon dollar olub. Bunun 87 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 35.4 faiz azalaraq 18.7 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 29 faiz artaraq 961 milyon dollar olub.