SİYASƏT
XARİCİ İŞLƏR NAZİRİ BMT BAŞ MƏCLİSİNDƏ AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNƏ RƏHBƏRLİK EDƏCƏKDİR
Bakı, 11 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 21-dən 27-dək ABŞ-da səfərdə olacaqdır. Nazir BMT Baş Məclisinin Nyu-Yorkda keçiriləcək 64-cü sessiyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcəkdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarovun Baş Məclisdə çıxışı, eləcə də xarici həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.
BMT Baş Məclisi çərçivəsində GUAM-ın üzvü olan ölkələrin XİN rəhbərlərinin növbəti iclasının, “GUAM+ABŞ”,“GUAM+Yaponiya” və “GUAM+Polşa” formatında görüşlərin keçiriləcəyi gözlənilir.
BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr daxil edilmişdir.
Bu məsələlər BMT Baş Məclisinin 63-cü sessiyasının gündəliyinə daxil edilsə də, sonradan növbəti sessiyada müzakirəsi barədə qərar qəbul olunmuşdur.