CƏMİYYƏT
Xarici jurnalistlər Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatlarının gedişi ilə tanış olublar
Bakı, 16 sentyabr, Elmir Səftərov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sentyabrın 16-da bir qrup xarici jurnalistin Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl, Füzuli, Zəngilan rayonlarına və Şuşa şəhərinə səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, xarici media nümayəndələrinin ilk dayanacağı Cəbrayıl rayonu olub. Burada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat şöbəsinin aparıcı mütəxəssisi Mədət Məmmədov səfər iştirakçılarına rayonda aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verib.
Xarici jurnalistlərə düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək fürsəti də yaradılıb. Səfər iştirakçıları, həmçinin Füzuli-Zəngilan (Ağbənd) avtomobil yolunda Agentlik tərəfindən görülən işlər barədə ətraflı məlumatlandırılıb.
Xarici media nümayəndələri mina xəritələrinin Azərbaycana təhvil verilməməsi faktını rəsmi İrəvanın növbəti müharibə cinayəti kimi qiymətləndiriblər.
Aparılan fikir mübadiləsi çərçivəsində qeyd olunub ki, Ermənistanın mina xəritələri ilə manipulyasiyalarına son qoyulmalı və beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə qarşı adekvat tədbirlər görməlidir.