SİYASƏT
Xarkovda Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsi yad edilmişdir
Kiyev, 29 yanvar (AZƏRTAC). Düz 10 il bundan əvvəl, 2004-cü ildə Xarkovdakı “Dostluq” Azərbaycan-Ukrayna dostluq cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin vaxtilə Xarkovda yaşadığı binaya - Studençeskaya küçəsindəki 4 nömrəli evə xatirə lövhəsi vurulmuşdur.
Xatırladaq ki, bu igid təyyarəçiyə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanının Qızıl Ulduzu verilmişdir.
1992-ci il yanvarın 28-də Viktor Seryoginin idarə etdiyi mülki Mi-8 helikopteri ermənilərin mövqelərindən atılmış “Stinger” istilik raketi ilə vurulmuşdur. Helikopterin salonunda yanğın baş vermiş, sonra helikopter havada partlamışdır. Lakin V.Seryogin artıq yerə düşməkdə olan uçuş maşınını Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdırmağa macal tapmış, helikopterin heyət üzvləri və sərnişinlər həlak olmuşdur.
V.Seryogin Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Elə həmin il ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Xarkov vilayətində yaşayan azərbaycanlılar qəhrəman təyyarəçinin xatirəsini daim ehtiramla yad edirlər.
Yanvarın 28-də, V.Seryoginin xatirə günündə azərbaycanlı gənclər, “Dostluq” cəmiyyətinin idarə heyətinin üzvləri, Viktor Seryoqinin həyat yoldaşı Qalina Mixaylovna, qızı Oksana və nəvəsi Vlada vaxtilə Viktorun yaşadığı binaya vurulmuş xatirə lövhəsinin önünə tər çiçəklər qoymuş, nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qəhrəmanlar ölmür!
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev