MƏDƏNİYYƏT
Xarkovda azərbaycanlı heykəltəraşın əsərlərinə baxış olub
Xarkov, 12 noyabr, AZƏRTAC
Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovun Xarkovda əsərlərinə baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev heykəltəraşın yaratdığı əsərlərlə tanış olub. Məlumat verilib ki, K.Məmmədovun müəllifi olduğu əsərlər Xarkov, Odessa, Dnepr şəhərlərinin vizit kartına çevrilib. Onun əsərləri muzeylərdə, qalereyalarda və dünyanın müxtəlif yerlərində şəxsi kolleksiyalarda saxlanılır.
Bildirilib ki, K.Məmmədov Azərbaycandan uzaqda yaşamasına baxmayaraq, doğma Vətəninə bağlı sənətkardır. Bu bağlılıq onun yaradıcılıq fəaliyyətində bilavasitə özünü göstərir. Onun klassik, modern, stilizə, avanqard əsərlərində belə, şərqin bənzərsiz, heyranedici əlvanlığını böyük məharətlə özündə əks etdirən xəfif notlara rast gəlinir. Hələ tələbəikən Vətəninə həsr etdiyi “Odlar yurdu” əsəri ona çoxlu uğur gətirməklə yanaşı, yaradıcılığının simvoluna çevrilib.
F.Babayev vurğulayıb ki, ölkədən kənar soydaşlarımızın bu cür tanınması Azərbaycanın mədəniyyəti və milli irsinin təbliğinə böyük təkan verir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov