SİYASƏT
Xarkovdakı “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində yeni dərs ilinin başlanması münasibətilə təntənəli tədbir keçirilmişdir
Kiyev, 9 sentyabr (AZƏRTAC). Bazar günü, sentyabrın 8-də Xarkovdakı “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində yeni dərs ilinin başlanması münasibətilə təntənəli tədbir keçirilmişdir. Artıq 13-cü ildir ki, bu Mərkəzin qapıları Azərbaycan dilini və ədəbiyyatını, Azərbaycan xalqının tarixini, mədəniyyətini və milli ənənələrini öyrənmək, Azərbaycan milli mətbəxi ilə tanış olmaq istəyən hər kəsin üzünə açıqdır.
Cari ildə 75-dən çox azərbaycanlı uşaq, habelə Xarkovda yaşayan müxtəlif millətlərin nümayəndələrinin övladları, o cümlədən 10 nəfər birinci sinif şagirdi Azərbaycan Mərkəzinin xidmətlərindən istifadə edə biləcəklər. Bu il Mərkəzin 12 məzunundan 11-i Xarkovun ali məktəblərinə daxil olmuşdur.
“Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov məktəbin yetirmələrini və onların müəllimlərini ürəkdən təbrik etmişdir.
2012-2013-cü il dərs ilinin sonunda məktəbin yetirmələri arasında keçirilmiş, kiçik, orta və böyük yaşlı 42 şagirdin iştirak etdiyi olimpiadanın nəticələri elan olunmuş, olimpiadanın qaliblərinə hədiyyələr və pul mükafatları təqdim edilmişdir.
“Dostluq” cəmiyyətinin sədri, Ukrayna-Azərbaycan Biznes Şurasının prezidenti Şahin Ömərov olimpiadanın qaliblərinə Azərbaycanda kinematoqrafiya sənətini yaradanlardan birinə həsr edilmiş “Aleksandr Mişon - fotoqraf, naşir, kinematoqrafçı” adlı kitabı təqdim etmişdir. Ş.Ömərov “Dostluq” cəmiyyətinin futbol komandasının məşqçisi Seymur Ələsgərova təşəkkürünü bildirmiş, ona pul mükafatı təqdim edərək vurğulamışdır ki, bu komanda “Metallist” futbol klubunun 2012-2013-cü illər üçün nəzərdə tutulan sosial layihəsi çərçivəsində diaspor təşkilatları və əcnəbi tələbələr birliklərinin komandaları arasında keçirilən turnirdə Azərbaycanı təmsil etmişdir.
Murad Ömərov birinci sinif şagirdlərinə də təhsildə uğurlar arzulamış, onlara hədiyyələr təqdim etmişdir.
2013-cü ildə Mərkəzin məzunu olmuş 11 gənc “Dostluq” cəmiyyətinin fəaliyyətində yaxından iştirak etdiklərinə, regiondakı və şəhərdəki ali məktəblərə daxil olduqlarına görə onlara təşəkkür məktubları və gül dəstələri təqdim edilmişdir.
“Dostluq” cəmiyyətinin sədri M.Ömərov vilayətin və şəhərin rəhbərliyinə bu cəmiyyətə göstərdikləri dəstək və köməyə görə təşəkkür etmiş, əməkdaşlığın bundan sonra da davam edəcəyinə, yeni layihələr həyata keçiriləcəyinə əmin olduğunu bildirmişdir.
AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, “Dostluq” cəmiyyəti bir sıra tədbirlər həyat keçirmiş, o cümlədən Xarkovda Aleksandr Mişonun xatirə lövhəsinin açılışı, cari ilin may ayında keçirilmiş “Xarkovskaya siren” qısametrajlı beynəlxalq filmlər festivalı çərçivəsində “Aleksandr Mişon - fotoqraf, naşir, kinematoqrafçı” adlı kitabın nəşrini və təqdimatını təşkil etmişdir.
Bayram şənliyinin qonaqları - Xarkov Vilayət Dövlət Administrasiyasının daxili siyasət idarəsinin rəisi Olqa Dutova, Xarkov şəhər sovetinin vətəndaş birlikləri ilə iş üzrə şöbəsinin baş mütəxəssisi Boris Butırin, Dzerjinsk rayon təhsil idarəsinin nümayəndəsi Yelena Silçenko, Xarkov vilayətindəki “MultiKultiUA” ictimai təşkilatının sədri Sergey Savitski, “Dostluq” cəmiyyətinin fəxri üzvü Azad Ömərov tədbirin bütün iştirakçılarını yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş və əməkdaşlığı bundan sonra da davam etdirməyə hazır olduqlarını bildirmişlər.
Tədbir haqqında informasiya Ukraynanın Xarkov Vilayət Dövlət Administrasiyasının saytında yerləşdirilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev