XƏLİL RZA ULUTÜRKÜN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün (Xəlil Rza oğlu Xəlilovun) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
1. Bakı şəhər İcra Hakimiyyəti şəhərin küçələrindən birinə Xəlil Rza Ulutürkün adının verilməsini, yaşadığı binaya onun və oğlu - Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin xatirə lövhəsinin vurulmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Pedaqoji Universitetinin tələbələri üçün Xəlil Rza Ulutürk adına təqaüd təsis etsin.
3. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Xəlil Rza Ulutürkün “Seçilmiş əsərləri”nin hazırlanıb nəşr olunmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə Xəlil Rza Ulutürkün xatirə gecəsini keçirsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2002-ci il