REGİONLAR
Xəzangül Hüseynova: Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi şəhərin təbliği üçün yeni imkanlar açıb
Gəncə, 6 fevral, Rauf Hacıyev, AZƏRTAC
Ötən il Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində ictimaiyyətə 20-dən çox müxtəlif həcmli bədii əsər təqdim edilib. Bu əsərlərin böyük əksəriyyəti Vətənin tərənnümünə, eləcə də Qarabağ mövzusuna həsr olunub.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova bildirib.
Yeni nəşrlər içərisində Azərbaycan oxucusunun yaxşı tanıdığı, istedadlı və peşəkar qələm sahibləri ilə yanaşı, gənc yazarların da əsərlərinin olduğunu deyən Xəzangül Hüseynova qeyd edib ki, özündə yüksək bədii estetik zövq və məna daşıyan bu əsərlər böyük oxucu sevgisi qazanmaqla bərabər, həmin kitabların təqdimatı həm də Gəncə ədəbi-mədəni mühiti üçün böyük hadisə olub.
“1935-ci ildən fəaliyyət göstərən və ölkədə baş verən ədəbi-mədəni proseslərdə fəal rol oynayan AYB-nin Gəncə bölməsinin 54 üzvü var. Hazırda bir çox peşəkar qələm sahiblərini - şair, yazıçı və publisistləri öz ətrafında birləşdirən bu mədəni birlik həm də ədəbi mühitə daxil olan çoxlu sayda gəncin istedad və bacarıqlarını nümayiş etdirə biləcəyi əvəzsiz məkandır”, - deyə Xəzangül Hüseynova qeyd edib.
Bölmə sədri vurğulayıb ki, 2017-ci ildə Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə əlaqədar olaraq bu şəhərin tarixi-mədəni irsinin, eləcə də dahi şəxsiyyətlərinin oxucuya təqdim edilməsi baxımından böyük imkanlar açılıb. Bir çox yazarların bu istiqamətdə yaradıcılıqla daha fəal məşğul olduğunu deyən Xəzangül Hüseynova bildirib ki, özünün tamamladığı Azərbaycanın ilk şairə qadını, fəlsəfi rübailər müəllifi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Xərabət gözəli” pyesi yaxın günlərdə ədəbi ictimaiyyətə təqdim ediləcək.