MƏDƏNİYYƏT
Xəzər MKS məktəbli oxucuların iştirakı ilə “Ədəbiyyat saatı” təşkil edib
Bakı, 16 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialında məktəbli oxucuların iştirakı ilə yaradılmış “Dostlar klubu”nun üzvləri ilə təşkil olunmuş “Ədəbiyyat saatı” keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Ədəbiyyat saatı”nda uşaqlar yay tətili ərzində oxuduqları kitablar haqqında danışıblar. Tədbirdə Hikmət Ziyanın təmsillərinə müraciət, ifadəli oxu uşaqların istedadlarının üzə çıxarılmasına kömək edib.
Qeyd edək ki, artıq kitabxanada 2 ildir fəaliyyət göstərən “Dostlar klubu”nun üzvləri Xəzər rayonunda yerləşən S.Rüstəm adına 3 nömrəli gimnaziya, 181, 183, 237, 156 və 123 nömrəli orta məktəblərin şagirdlərindən ibarətdir. Həftənin müxtəlif günlərində klub üzvləri kitabxanaçılar ilə birgə toplaşaraq əyləncəli saatlar, oyunlar, folklor saatları təşkil edirlər. Klubun yaradılmasında məqsəd uşaqlarda kollektiv iş, dünyagörüşünün formalaşması, kitaba sevgi və asudə vaxtlarının səmərəli keçirilməsidir.