İDMAN
XI Respublika spartakiadası çərçivəsində şahmat üzrə yarışın qalibləri müəyyənləşmişdir
Bakı, 29 oktyabr (AZƏRTAC). Gənclər və İdman, Təhsil nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti (TİC) Respublika Şurasının təşkilatçılığı ilə bu ilin oktyabr, noyabr, dekabr aylarını əhatə edəcək təhsil müəssisələri arasında XI Respublika spartakiadası başlamışdır.
“Gənclik” TİC Respublika Şurasından AZƏRTAC-a verilən məlumata görə, spartakiada çərçivəsində əvvəlcə şahmat üzrə yarış keçirilmişdir. Bakı Qida Sənayesi kollecində təşkil olunmuş mübarizəyə 8 qız və 9 oğlan komandası qoşulmuşdur.
Qızların yarışmasında 1-ci yeri Bakı 2 nömrəli Baza Tibb Kollecinin tələbələri tutmuşlar. Bakı Texniki Kolleci - 2-ci, Bakı Sənaye Pedaqoji Kollecinin təmsilçiləri isə 3-cü yerlə kifayətlənmişlər. Oğlanların mübarizəsində isə fəxri kürsünün ən yüksək pilləsinə Bakı Dövlət Neft-Energetika Kollecinin idmançıları qalxmışlar. İkinci və üçüncü yerlərdə isə Bakı Sənaye Pedaqoji Kollecinin və Bakı Texniki Kollecinin tələbələri qərarlaşmışlar.