Azərbaycan Dövlət İnformasiya Agentliyi

XII FƏSİL
SIĞORTA SEKTORUNDA DÖVLƏT TƏNZİMLƏMƏSİ VƏ NƏZARƏTİ

Maddə 95. Sığorta sektorunda dövlət tənzimləməsi və nəzarətinin vəzifələri

95.1. Sığorta sektorunda dövlət tənzimləməsinin və nəzarətinin əsas vəzifələri aşağıdakılardır:

95.1.1. Azərbaycan Respublikasında sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmək;

95.1.2. sığorta işini, həmçinin sığorta bazarını tənzimləmək və sığorta fəaliyyətinə nəzarəti həyata keçirmək;

95.1.3. sığorta işinin qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə tədbirlər həyata keçirmək, icbari sığorta növlərini və beynəlxalq sığorta sistemində Azərbaycan Respublikasının iştirakının prinsiplərini müəyyən etmək;

95.1.4. sığortaçıların, sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin və sığorta bazarının digər iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin, habelə dövlətin maraqlarının qorunması üçün tədbirlər həyata keçirmək.

95.2. Sığorta nəzarəti orqanı, onun vəzifəli şəxsi, əməkdaşı, təyin edilmiş müvəqqəti inzibatçı sığorta sektorunda tənzimləmə və nəzarətlə bağlı səlahiyyətlərini, habelə ləğvetmə ilə bağlı funksiyalarını həyata keçirərkən qanunazidd olması və qəsdən zərər vurmağa yönəldilməsi qanunvericiliyə uyğun qaydada sübuta yetirilməyən hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan zərərlərə görə məsuliyyət daşımırlar.

95.3. Sığorta nəzarəti orqanı sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici təkrarsığortaçıların və xarici sığorta brokerlərinin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını sığorta nəzarəti orqanı müəyyən edir.

Maddə 96. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi

96.1. Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarını həyata keçirməsinin maliyyələşdirmə mənbələri aşağıdakılardır:

96.1.1. dövlət büdcəsinin vəsaitləri;

96.1.2. sığortaçıların hər birinin daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından onların 0,3 faizi həcmində aparılan məcburi ayırmalar.

96.2. Bu Qanunun 96.1.2-ci maddəsində nəzərdə tutulmuş ayırmalar yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

96.2.1. sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsinə cəlb edilmiş dövlət qulluqçusu olan işçilərinin əlavə maddi həvəsləndirilməsi;

96.2.2. sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarını həyata keçirməsi üçün maddi-texniki imkanlarının genişləndirilməsi;

96.2.3. sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsinə cəlb edilmiş mütəxəssislərinin ixtisasının artırılması, o cümlədən sığorta və sığorta nəzarəti ilə bağlı beynəlxalq konfranslarda, seminarlarda, təlim kurslarında və digər tədbirlərdə iştirakı üçün əlavə vəsaitin təmin edilməsi;

96.2.4. sığorta sahəsində ixtisas artırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi.

96.3. Sığortaçılar bu Qanunun 96.1.2-ci maddəsində nəzərdə tutulmuş məcburi ayırmaları maliyyə ilinin hər rübü üzrə həmin rüb başa çatdıqdan sonra 20 gün ərzində sığorta nəzarəti orqanının müvafiq hesabına köçürməlidirlər.

Maddə 97. Səyyar yoxlamalar

97.1. Sığorta nəzarəti orqanı sığortaçılar və sığorta vasitəçiləri tərəfindən sığorta qanunvericiliyinə əməl edilməsini, həmçinin sığortaçının maliyyə sabitliyini yerində araşdırma aparmaqla yoxlamaq məqsədi ilə növbəti və ya növbədənkənar səyyar yoxlama keçirir.

97.2. Sığortaçıda və sığorta vasitəçisində növbəti səyyar yoxlamalar iki ildə bir dəfədən az olmayaraq, sığorta nəzarəti orqanının müəyyən etdiyi qrafik üzrə aparılır. Növbəti səyyar yoxlama sığortaçının və ya sığorta vasitəçisinin sığorta qanunvericiliyi ilə bağlı olan bütün fəaliyyətini əhatə edir.

97.3. Növbədənkənar səyyar yoxlama aşağıdakı hallarda aparıla bilər:

97.3.1. sığortaçının maliyyə sabitliyi, o cümlədən ödəmə qabiliyyəti göstəricilərində azalma müşahidə edildikdə;

97.3.2. maliyyə ilinin yekununa görə sığortaçının balans üzrə zərəri yarandıqda;

97.3.3. təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;

97.3.4. bu Qanuna əsasən verilmiş təqdimatların və ya sanksiyaların icra vəziyyətinin yoxlanılması məqsədilə; bu zaman səyyar yoxlamaya müvafiq təqdimatın və ya sanksiyanın icrası üçün müəyyən edilmiş son tarixdən etibarən 60 iş günündən gec olmayan müddətdə başlanılmalıdır;

97.3.5. daxil olan şikayətlər və qanunazidd əməliyyatlar haqqında mənbəyi məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;

97.3.6. bu Qanuna əsasən verilmiş hər hansı təqdimata və ya sanksiyaya səbəb olmuş hallar, həmin təqdimat və ya sanksiyanın verildiyi tarixdən 2 il ərzində yenidən aşkar edildikdə;

97.3.7. sığorta qanunvericiliyinin yerinə yetirilməsi və ya hər hansı təcrübənin tətbiqi vəziyyətinin araşdırılması məqsədilə sığorta bazarı üzrə ümumi monitorinq keçirildikdə.

Maddə 98. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərar

98.1. Səyyar yoxlama sığorta nəzarəti orqanının müvafiq qərarı ilə təyin edilir.

98.2. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

98.2.1. səyyar yoxlanılması təyin edilən sığortaçının və ya sığorta vasitəçisinin adı;

98.2.2. səyyar yoxlamanın növbəti və ya növbədənkənar olması;

98.2.3. səyyar yoxlama növbəti olduqda yoxlanılacaq fəaliyyət dövrü;

98.2.4. səyyar yoxlama növbədənkənar olduqda onun təyin edilməsinə əsas verən hal;

98.2.5. səyyar yoxlamanın başlanma tarixi, müddəti və başa çatdırılma tarixi;

98.2.6. səyyar yoxlama aparılması tapşırılan yoxlayıcının (yoxlayıcıların) adı, soyadı, atasının adı və sığorta nəzarəti orqanında tutduğu vəzifə.

Maddə 99. Səyyar yoxlamanın müddəti

99.1. Səyyar yoxlama 45 iş günündən çox olmayan müddətə təyin edilir.

99.2. Səyyar yoxlamanın aparılması üçün müəyyən edilmiş müddət yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə sığorta nəzarəti orqanının müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 60 iş günü müddətinə qədər uzadıla bilər.

Maddə 100. Səyyar yoxlama apararkən yoxlayıcıların hüquq və vəzifələri

100.1. Səyyar yoxlama aparan yoxlayıcıların aşağıdakı hüquqları var:

100.1.1. sığortaçıların və sığorta vasitəçilərinin fəaliyyəti ilə bağlı sənədləri, mühasibat sənədlərini, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, kitablarını, jurnallarını, hesablama texnikasında, mühasibat uçotu proqramlarında və başqa məlumat daşıyıcılarında olan məlumatları yoxlamaq;

100.1.2. yoxlamaya aid olan məsələlərlə bağlı sığorta fəaliyyətinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübəyə malik olan ekspert və mütəxəssisləri, o cümlədən tərcüməçiləri müvafiq xidmət göstərmələri üçün cəlb etmək;

100.1.3. yoxlanılan subyektdən sənədlərin əslinin təqdim edilməsini tələb etmək, müvafiq sənədlərin surətini götürmək;

100.1.4. aşağıda göstərilən şəxslərə yazılı sorğu verməklə yoxlamanın aparılması üçün lazım olan sənədləri, məlumatları, rəyləri, izahatları, arayışları əldə etmək:

100.1.4.1. yoxlanılan subyektin rəhbər və adi işçilərinə, yoxlanılan subyekt fiziki şəxs olduqda isə, onun özünə;

100.1.4.2. yoxlanılan subyektin törəmə cəmiyyətlərinə, bu subyektə əhəmiyyətli nəzarəti həyata keçirən və ya subyektin əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslərə, mühüm iştirak payının sahiblərinə, asılı cəmiyyətlərə;

100.1.4.3. yoxlanılan subyektə sığorta vasitəçiliyi xidmətləri göstərən və ya göstərmiş sığorta vasitəçilərinə;

100.1.4.4. yoxlanılan subyektin auditini aparan və ya aparmış auditorlara.

100.2. Yoxlayıcı sığorta sirri, yaxud kommersiya sirri hesab edilən məlumatları yaymağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

100.3. Fəaliyyəti yoxlanılan sığortaçı və ya sığorta vasitəçisi sığorta nəzarəti orqanına yoxlamanın aparılmasında kömək etməli, yoxlayıcıların maneəsiz bütün sənədlərlə tanış olmasına və məlumat mənbələrinə daxil olmasına, işçilərinin tələb edilən məlumat, izahat və rəy verməsinə şərait yaratmalıdır.

100.4. Səyyar yoxlamanın davam etdirilməsi yoxlayıcının sorğusuna və ya müraciətinə cavab verilənədək, müvafiq rəy təqdim olunanadək, yaxud müvafiq mütəxəssislərin xidməti başa çatdırılanadək mümkün olmadıqda, sığorta nəzarəti orqanının qərarı ilə səyyar yoxlamanın müddəti dayandırılır. Bu halda səyyar yoxlamanın başa çatma tarixi dayandırılma müddəti qədər uzadılır.

Maddə 101. Səyyar yoxlamanın nəticələri

101.1. Yoxlayıcı səyyar yoxlamanın nəticələrinə dair yoxlama aktı tərtib edir. Yoxlama aktı yoxlanılan subyektin icra orqanı, o fiziki şəxs olduqda isə, özü ilə müzakirə edilir, yoxlayıcı və yoxlanılan subyektin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq rəsmiləşdirilir.

101.2. Yoxlanılan subyekt yoxlama aktı ilə və ya onun hər hansı hissəsi ilə razılaşmadıqda, aktı imzalamaqla orada etirazı barədə qeyd-şərt edir. Yoxlanılan subyekt etirazını əsaslandıran sənədlərin əlavə olunduğu yazılı izahatı sığorta nəzarəti orqanına verə bilər.

101.3. Sığorta nəzarəti orqanı yoxlama başa çatdığı tarixdən 20 iş günündən gec olmayaraq yoxlama sənədlərinə baxmalı və bu Qanunda nəzərdə tutulmuş hallarda onun nəticələri üzrə təqdimatlar və (və ya) sanksiyalar haqqında qərar qəbul etməlidir.

Maddə 102. Sığorta nəzarəti orqanının təqdimatları

102.1. Aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə sığorta nəzarəti orqanı onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş - təqdimat verir.

102.2. Sığorta nəzarəti orqanı təqdimat verməklə, sığortaçılardan və sığorta vasitəçilərindən aşağıdakıları tələb edə bilər:

102.2.1. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı normativlərə əməl edilməsini, bu məqsədlə onun öz vəsaitinin artırılmasını, aktivlərinin likvidliyinin təmin edilməsini;

102.2.2. yeni filiallar açılmasının dayandırılmasını, mövcud filialların fəaliyyətinin dayandırılmasını, yaxud ləğv edilməsini;

102.2.3. sığortaçının daxili nəzarətinin həyata keçirilməsi qaydalarında dəyişikliklər edilməsini;

102.2.4. qanunvericiliyin tələblərinə riayət edilməməsinin və ya buna şərait yarada bilən halların müəyyən müddət ərzində aradan qaldırılması üçün tədbirlər planının müəyyən edilməsini;

102.2.5. aşağıdakı hallarda sığortaçının müvafiq orqanı tərəfindən məsələyə baxılıb qanunazidd hallar və (və ya) nöqsanlar aradan qaldırılanadək sığortaçının rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılmasını:

102.2.5.1. sığortaçının rəhbər işçisinin hərəkətlərinin bu Qanunun tələblərinə uyğun olmadığını hesab etmək üçün əsaslar olduqda;

102.2.5.2. sığortaçının rəhbər işçisi sığortaçıdakı vəzifəsinin icrası ilə bağlı 1 il ərzində ən azı iki dəfə inzibati məsuliyyətə cəlb olunduqda;

102.2.6. Bu Qanunun 96.1.2-ci maddəsində müəyyən edilmiş məcburi ayırmaların sığortaçı tərəfindən həyata keçirilməsini;

102.2.7. sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə əsasən verilməli olan, lakin ödənilməsindən imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsini;

102.2.8. sığorta nəzarəti orqanının, yaxud onun səyyar yoxlayıcısının tələb etdiyi sənədlərin və məlumatların təqdim edilməsini;

102.2.9. sığorta qanunvericiliyi ilə əlaqədar olan digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasını;

102.2.10. sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin müvafiq dövr üzrə hərəkəti və ya onlarla bağlı aparılmış əməliyyatlar barədə bank sənədləri ilə əsaslandırılmış məlumatların təqdim edilməsini.

102.3. Sığorta nəzarəti orqanının müvafiq təqdimatında icrası məcburi olan hər bir göstərişin səbəbi və yerinə yetirilməsinin son tarixi göstərilməlidir.

102.4. Sığorta nəzarəti orqanının müvafiq təqdimatı bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birini və ya bir neçəsini əhatə edə bilər.

102.5. Rəhbər işçi bu Qanunun 102.2.5-ci maddəsində nəzərdə tutulmuş hallarda bir sığortaçıda vəzifəsindən ən azı iki dəfə kənarlaşdırılmış olduqda sığorta nəzarəti orqanının iddiası əsasında onun sığortaçılarda rəhbər işçi vəzifəsi tutmaq imkanı məhkəmənin qərarı ilə 5 il müddətində məhdudlaşdırıla bilər.

102.6. Bu Qanunun 102.2.7-ci maddəsinə əsasən verilən təqdimat vaxtında və (və ya) tam yerinə yetirilmədikdə sığorta nəzarəti orqanı sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hesablanmış sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığortaçının bank hesablarından ödənilməsi üçün banklara və ya digər kredit təşkilatlarına icrası məcburi olan icra (ödəniş) sənədi - sərəncam verə bilər.

102.7. Sığorta nəzarəti orqanı sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin hərəkəti barədə banklardan məlumat tələb edə bilər. Bu tələbə vaxtında və tam əməl etməyən banklar qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

Maddə 103. Sığorta nəzarəti orqanının sanksiyaları

103.1. Sığorta nəzarəti orqanı bu Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla aşağıdakı sanksiyaları tətbiq edə bilər:

103.1.1. sığortaçını, sığorta vasitəçisini, həmçinin onların rəhbər işçilərini inzibati məsuliyyətə cəlb etmək;

103.1.2. lisenziyanın qüvvəsini məhdudlaşdırmaq;

103.1.3. lisenziyanın qüvvəsini dayandırmaq;

103.1.4. lisenziyanı ləğv etmək.

103.2. Bu Qanunun 103.1.2-ci maddəsi təkrarsığortaçılara və sığorta vasitəçilərinə şamil edilmir.

103.3. Bu Qanunun 103.1.1-103.1.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyalar bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş təqdimatların verilməsi ilə birlikdə tətbiq edilə bilər.

Maddə 104. Təqdimatlar və sanksiyalar haqqında qərar

104.1. Təqdimatlar və sanksiyaların tətbiqi haqqında qərarların surəti sığortaçının İdarə Heyətinin sədrinə, sığorta vasitəçisinin icra orqanının rəhbərinə, fiziki şəxs olan sığorta vasitəçisinə çatdırılması təsdiq olunan qaydada göndərilməlidir. Sığortaçıya verilən təqdimatın surəti və (və ya) tətbiq olunan sanksiya barədə məlumat sığortaçının Direktorlar Şurasının sədrinə də göndərilir.

104.2. Təqdimatlar və sanksiyalar haqqında qərarlar sığortaçının və ya sığorta vasitəçisinin ünvanına çatdırılması təsdiq edilən qaydada daxil olduğu andan qüvvəyə minir.

Maddə 105. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması

105.1. Lisenziyanın qüvvəsi sığorta nəzarəti orqanının sığortaçıya sığorta növünün aparılması üzrə verdiyi icazənin ləğv edilməsi yolu ilə aşağıdakı hallarda məhdudlaşdırıla bilər:

105.1.1. sığortaçı tərəfindən müvafiq ərizə təqdim edildikdə;

105.1.2. aşağıdakı hallarla bağlı verilmiş təqdimata vaxtında və (və ya) tam əməl edilmədikdə:

105.1.2.1. könüllü sığorta müqavilələrinin şərtləri qanunvericiliyə uyğun olmamaqla sığortalıların mənafelərinin pozulmasına şərait yaradırsa;

105.1.2.2. icbari sığorta müqavilələri müvafiq qanunvericiliyə uyğun olmayan şərtlərlə bağlanırsa, yaxud icbari sığorta növləri üzrə qanunvericiliklə nəzərdə tutulmuş məcburi ayırmalar vaxtında və (və ya) tam aparılmırsa;

105.1.2.3. sığorta ödənişi sığorta qanunvericiliyində və müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş qaydada verilmirsə.

105.2. Bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş halların aradan qaldırılması mümkün olduqda sığortaçının lisenziyası onların aradan qaldırılmasınadək, digər hallarda isə 6 ayadək müddətə məhdudlaşdırılır.

105.3. Sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.

105.4. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara sığorta qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir.

105.5. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması haqqında qərarda belə məhdudlaşdırılmaya əsas verən hallar göstərilməlidir.

105.6. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması, həmçinin belə məhdudlaşdırmanın götürülməsi barədə məlumat müvafiq qərar qəbul edildikdən 3 iş günü müddətində sığorta nəzarəti orqanının mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.

Maddə 106. Lisenziyanın qüvvəsinin dayandırılması

106.1. Sığorta nəzarəti orqanı aşağıdakı əsaslarla lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandıra bilər:

106.1.1. bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanun əsasında verilmiş digər təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

106.1.2. sığorta ödənişinin verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının sığortaçı tərəfindən icra edilməməsi;

106.1.3. lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə düzgün əks etdiriləcəyi təqdirdə sığorta nəzarəti orqanının əlavə sənəd və ya məlumat tələb etməsinə səbəb ola biləcək səhv və ya yanlış məlumatların sonradan aşkar edilməsi və sığorta nəzarəti orqanının tələbi ilə həmin sənəd və ya məlumatların 20 gün ərzində təqdim edilməməsi;

106.1.4. lisenziya sahibinin bu Qanunla icazə verilməyən fəaliyyətlə məşğul olmasının konkret faktlarla təsdiq edilməsi;

106.1.5. hüquqi şəxs olan sığorta vasitəçisinin müvafiq lisenziyaya malik olan işçisi ilə əmək münasibətlərinə xitam verilərkən onu bu Qanuna uyğun gələn digər şəxslə əvəz etməməsi;

106.1.6. bu Qanunun 105.3-cü maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmaması.

106.2. Lisenziyanın qüvvəsinin dayandırılması sığortaçıların yeni sığorta və ya təkrarsığorta müqavilələri bağlamasını, habelə qüvvədə olan sığorta və ya təkrarsığorta müqavilələrinin müddətini uzatmasını, sığorta vasitəçilərinin sığorta əməliyyatları ilə bağlı vasitəçilik fəaliyyəti ilə məşğul olmasını qadağan edir.

106.3. Sığortaçı lisenziyanın qüvvəsinin dayandırılmasından əvvəl bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri üzrə, sığorta vasitəçisi isə sığorta əməliyyatları ilə bağlı müvafiq vasitəçilik xidməti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

106.4. Lisenziyanın qüvvəsinin dayandırılması haqqında qərarda buna əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir.

106.5. Lisenziyanın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi barədə məlumat, müvafiq qərar qəbul edildikdən 3 iş günü müddətində sığorta nəzarəti orqanının mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.

Maddə 107. Lisenziyanın ləğvi

107.1. Sığorta nəzarəti orqanı aşağıdakı hallarda bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edə bilər:

107.1.1. lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etdikdə;

107.1.2. lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;

107.1.3. 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandıqda;

107.1.4. sığortaçının iflası proseduruna başlamaq üçün bu Qanunla nəzərdə tutulmuş hallardan biri mövcud olduqda;

107.1.5. lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə, düzgün əks etdiriləcəyi təqdirdə lisenziya verilməsindən imtinaya səbəb ola biləcək səhv və ya yanlış məlumatlar sonradan aşkar edildikdə;

107.1.6. bu Qanunun 106.2-ci maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmadıqda.

Maddə 108. Lisenziyanın ləğvinin nəticələri

108.1. Lisenziyanın ləğvi barədə məlumat, bu barədə qərar qəbul edildikdən 3 iş günü müddətində sığorta nəzarəti orqanının mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.

108.2. Sığorta nəzarəti orqanı lisenziyanın ləğvi haqqında qəbul etdiyi qərar barədə Azərbaycan Respublikasında nəşr olunan ən azı iki dövlət qəzetində məlumat dərc etdirir və həmin qərar qəbul olunduğu tarixdən 5 iş günü müddətində müvafiq vergi orqanına məlumat göndərir.

108.3. Sığortaçının lisenziyasının ləğvi haqqında qərar qüvvəyə mindiyi tarixdən etibarən sığortaçının bütün idarəetmə orqanlarının səlahiyyətləri dayandırılaraq bu Qanunda nəzərdə tutulmuş qaydada müvəqqəti inzibatçıya və ya ləğvetmə komissiyasına keçir, onun ləğvi prosesinə başlanılır.

108.4. Ləğv edilən lisenziyanın sahibi müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağıda göstərilənlər istisna edilməklə, bank hesabları üzrə əməliyyat apara bilməz:

108.4.1. vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi;

108.4.2. işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi;

108.4.3. sığortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi;

108.4.4. sığortaçıya daxil olmuş sığorta haqlarından müvafiq təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta haqlarının ödənilməsi;

108.4.5. lisenziyanın ləğv edilməsindən əvvəl bağlanmış sığorta müqavilələri üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi;

108.4.6. sığorta brokerinin sığorta haqqı hesabındakı və ya sığorta ödənişi hesabındakı pul vəsaitlərinin təyinatı üzrə müvafiq qaydada ödənilməsi.

108.5. Qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi, o cümlədən sığorta ödənişlərinin vaxtında verilməsi məqsədilə iş günlərində ləğv edilən sığortaçının ofis binasında müvafiq mütəxəssislərin olması təmin edilməlidir.

108.6. Fəaliyyət göstərdiyi müddət ərzində sığortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası bu Qanunun 108.4-108.5-ci maddələrinin tələblərinə riayət etməlidir.

108.7. Bu Qanunun 107.1.1.-ci maddəsində nəzərdə tutulmuş müraciət sığortaçının, sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin səhmdarlarının (payçılarının, iştirakçılarının) Ümumi Yığıncağı hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul etdiyi halda verilə bilər. Bu halda həmin müraciət müvafiq qərarın qəbul edildiyi gündən sonra 20 gün ərzində sığorta nəzarəti orqanına verilməlidir.

108.8. Sığortaçının, sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2-107.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edildikdə sığorta nəzarəti orqanı lisenziyanın ləğv edilməsi barədə qərarından 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Ləğv edilən lisenziya sahibi, yaxud onun səhmdarları (payçıları, iştirakçıları) sığorta nəzarəti orqanının lisenziyanın ləğv edilməsi haqqında qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada həmin məhkəmədə qarşılıqlı iddia qaldıra bilər. Sığorta nəzarəti orqanının bu maddədə göstərilən iddiası məhkəmə tərəfindən təmin edilmədikdə müvafiq lisenziya ləğv edilməmiş hesab olunur, lisenziyanın ləğv edilməsi ilə bağlı bütün tədbirlər dayandırılır və bu barədə sığorta nəzarəti orqanı bu Qanunu 108.1 və 108.2-ci məddələrində nəzərdə tutulmuş qaydada məlumatlar verir.

Maddə 109. Sığortaçının müvəqqəti inzibatçısı

109.1. Sığorta nəzarəti orqanı bu Qanunun 107.1.2-107.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla lisenziyanın ləğv edilməsi haqqında qərarında lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısını da təyin edir.

109.2. Lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısı təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

109.2.1. müvəqqəti inzibatçı bu Qanunla İdarə Heyətinin sədri üçün müəyyənləşdirilmiş tələblərə cavab verməlidir;

109.2.2. lisenziyası ləğv edilən sığortaçının kreditoru, səhmdarı, işçisi və onların yaxın qohumları müvəqqəti inzibatçı təyin edilə bilməzlər.

109.3. Müvəqqəti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti barədə hesabatı sığorta nəzarəti orqanına və bu orqanın sığortaçının ləğvi haqqında iddia qaldırdığı məhkəməyə təqdim edir.

Maddə 110. Lisenziyanın qüvvəsi məhdudlaşdırıldıqda,

dayandırıldıqda və ya lisenziya ləğv edildikdə

sığortaçının vəzifələri

110.1. Lisenziyasının qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan sığortaçı aşağıdakı tələblərə əməl etməlidir:

110.1.1. qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirmək, o cümlədən sığorta ödənişlərinin vaxtında verilməsi məqsədilə sığortaçının səlahiyyətli nümayəndələrinin və müvafiq mütəxəssislərinin iş günlərində ofis binasında olmasını təmin etmək;

110.1.2. öhdəliklərini yerinə yetirmək üçün sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin müvafiq səviyyəsini saxlamaq və ya təmin etməyə səy göstərmək;

110.1.3. sığorta və ya təkrarsığorta müqavilələrinin müddəti bitənədək müvafiq hesabatları və məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətlərdə sığorta nəzarəti orqanına təqdim etmək;

110.1.4. fəaliyyətinin digər səlahiyyətli dövlət orqanları tərəfindən yoxlanılmasının nəticələri barədə sığorta nəzarəti orqanına yazılı məlumat vermək;

110.1.5. qanunvericilikdən irəli gələn digər vəzifə və öhdəlikləri yerinə yetirmək.

110.2. Bu Qanunun 110.1.1-ci maddəsində göstərilən tələbə həmçinin ləğv edilmə prosesində olan sığortaçı da əməl etməlidir.

Maddə 111. Sığorta növü üzrə fəaliyyətin və ya lisenziyanın qüvvəsinin

bərpa edilməsi

111.1. Sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılmasına, yaxud sığortaçının və ya sığorta vasitəçisinin lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması üçün müəyyən edilən vaxt, habelə müvafiq hallarda lisenziyanın qüvvəsinin məhdudlaşdırılmasının son müddəti başa çatdıqdan sonra 10 iş günü ərzində sığorta nəzarəti orqanı sığorta növü (növləri) üzrə fəaliyyətin, yaxud lisenziyanın qüvvəsinin bərpa edilməsi haqqında qərar qəbul edir.

111.2. Sığorta nəzarəti orqanı sığorta növü (növləri) üzrə fəaliyyətin bərpa edilməsi haqqında qərarı barədə 3 iş günü müddətində sığortaçıya, lisenziyanın qüvvəsinin bərpa edilməsi haqqında qərar barədə isə, 5 iş günü müddətində lisenziya sahibinə məlumat göndərir.

111.3. Sığorta nəzarəti orqanının lisenziyanın qüvvəsinin, yaxud sığorta növü (növləri) üzrə fəaliyyətin bərpa edilməsi haqqında qərarı müvafiq məlumat lisenziya sahibinə çatdırılması təsdiq olunan qaydada təqdim edildiyi andan qüvvəyə minir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin