XIII FƏSİL
SIĞORTAÇILARIN LƏĞV EDİLMƏSİ
Maddə 112. Sığortaçının ləğvinin əsasları
112.1. Sığortaçı mülki qanunvericiliyə uyğun olaraq, həmçinin bu Fəsildə nəzərdə tutulmuş əlavə tələblər nəzərə alınmaqla, aşağıdakı əsaslar olduqda ləğv edilir:
112.1.1. sığortaçının lisenziyası bu Qanunun 107.1.1-ci maddəsinə əsasən ləğv edildikdə səhmdarların qərarı ilə (könüllü qaydada ləğvetmə);
112.1.2. sığortaçının lisenziyası bu Qanunun 107.1.2-107.1.6-cı maddələrinə əsasən ləğv edildikdə sığorta nəzarəti orqanının iddiası əsasında məhkəmənin qərarı ilə (məcburi qaydada ləğvetmə).
112.2. Sığorta nəzarəti orqanı ləğv edilən sığortaçının qəbul etdiyi risklər üzrə bağlamış olduğu sığorta və ya təkrarsığorta müqavilələrinin digər sığortaçıya ötürülməsi barədə qərar qəbul edə bilər.
Maddə 113. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə
komissiyası
113.1. Səhmdarların Ümumi Yığıncağının sığortaçının könüllü qaydada ləğvi barədə qərarının qəbul edildiyi tarixdən 20 gün müddətində sığortaçı ləğvetmə komissiyasının yaradılması və onun tərkibi barədə sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir.
113.2. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin sayı üç nəfərdən az olmamalı və onlar müvəqqəti inzibatçı üçün, bu Qanunun 109.2.2-ci maddəsi istisna olmaqla, 109-cu maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.
113.3. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası sığorta nəzarəti orqanının yazılı sorğusu əsasında fəaliyyətinə dair sənədləri və məlumatları, həmçinin sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin mənafelərinə aid olan sənədləri və məlumatları təqdim etməyə, bu orqanın səlahiyyətli əməkdaşlarının sığortaçının binasına daxil olmasına və ləğvetmə ilə bağlı istənilən sənədlərlə işləməsinə şərait yaratmalıdır.
113.4. Ləğvetmə komissiyası sığortaçının ləğv edilməsi haqqında hesabatı və ləğvetmə balansını onları təsdiq etdiyi tarixdən 10 gün müddətində sığorta nəzarəti orqanına təqdim etməlidir.
113.5. Ləğv edilən sığortaçının əmlakının satılması ləğvetmə komissiyası tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
113.6. Sığorta nəzarəti orqanı könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının fəaliyyətinə nəzarət edir.
Maddə 114. Sığortaçının könüllü qaydada ləğvinin məcburi qaydada
ləğvetməyə çevrilməsi
114.1. Sığortaçının könüllü qaydada ləğv edilməsi prosesində bu Qanunun tələblərinə əməl edilmədikdə, habelə sığortalıların və başqa kreditorların qanuni mənafelərinin pozulması faktı aşkar olunduqda sığorta nəzarəti orqanı ləğvetmə komissiyasına bu Qanunla nəzərdə tutulmuş qaydada təqdimat verə bilər.
114.2. Ləğvetmə komissiyası tərəfindən bu Qanunun 114.1-ci maddəsində nəzərdə tutulmuş təqdimata vaxtında və ya tam əməl edilmədikdə sığorta nəzarəti orqanı tərəfindən sığortaçının məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılır.
Maddə 115. Sığortaçının məcburi qaydada ləğv edilməsinin
xüsusiyyətləri
115.1. Məhkəmə sığortaçının məcburi qaydada ləğvi barədə qərarının surətini həmin qərarı qəbul etdiyi tarixdən 10 gün müddətində sığorta nəzarəti orqanına göndərir.
115.2. Sığorta nəzarəti orqanı bu Qanunun 114.2-ci maddəsinə əsasən sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmədə iddia qaldırdığı tarixdən, könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının səlahiyyətləri həmin orqanın iddia ərizəsində göstərdiyi müvəqqəti inzibatçıya keçir.
115.3. Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlarının siyahısı sığorta nəzarəti orqanının təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir.
115.4. Sığortaçının müflisləşmə ilə bağlı ləğvi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Maddə 116. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə
komissiyası
116.1. Sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmə qərarı qəbul edildikdən və ya müvafiq qanunvericiliyə uyğun olaraq müflis elan olunduqdan sonra 30 iş günü müddətində sığorta nəzarəti orqanı məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin siyahısını təsdiq olunmaq üçün məhkəməyə təqdim etməlidir.
116.2. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası yaradıldığı tarixdən etibarən müvəqqəti inzibatçının səlahiyyətləri həmin komissiyaya keçir.
116.3. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası və onun üzvləri ilə bağlı bu Qanunun 113-cü maddəsində müəyyən edilmiş tələblər bu Qanunun 116.4-cü maddəsi nəzərə alınmaqla, məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasına da şamil edilir.
116.4. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının tərtib etdiyi ləğvetmə haqqında hesabat və ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq edildikdən sonra sığorta nəzarəti orqanına təqdim edilməlidir.
Maddə 117. Ləğv edilən sığortaçının kreditorlar komitəsi
117.1. Sığortaçının ləğvi prosesində onun kreditorlarının mənafelərinin müdafiəsi, o cümlədən qərarların qəbul edilməsində onların iştirakını təmin etmək məqsədilə kreditorlar komitəsi yaradıla bilər.
117.2. Könüllü qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi sığortaçının ləğvetmə komissiyasının təqdimatına əsasən, sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilir.
117.3. Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi sığortaçının ləğvetmə komissiyasının və sığorta nəzarəti orqanının birgə təqdimatına əsasən məhkəmə tərəfindən təsdiq edilir.
Maddə 118. Sığortaçının iflası və müflis elan edilməsinin xüsusiyyətləri
118.1. Sığortaçının iflas proseduruna aşağıdakı hallardan biri mövcud olduqda başlana bilər:
118.1.1. sığortaçı sığorta və ya təkrarsığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və (və ya) tam yerinə yetirməyə qadir olmadıqda;
118.1.2. sığortaçının məcmu kapitalı onun tələb olunan kapitalının 30 faizindən az olduqda;
118.1.3. ləğvetmə prosesində olan sığortaçı kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə.
118.2. Məhkəmə sığortaçının iflası proseduruna başlanmasına dair iddia ərizəsinə yalnız bu maddədə göstərilən əsasları təsdiq edən sənədlər mövcud olduqda baxır. Sığortaçının iflası haqqında iddia ərizəsi sığorta nəzarəti orqanı tərəfindən verildikdə ona verilmiş lisenziyanın ləğvi haqqında müvafiq qərarın surəti həmin ərizəyə əlavə edilməlidir.
118.3. Sığortaçı qanunvericiliklə müəyyən edilmiş qaydada, sığorta nəzarəti orqanının rəyi nəzərə alınmaqla, məhkəmənin qərarı əsasında müflis elan edilə bilər.
Maddə 119. Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi
119.1. Sığortaçı ləğv edildikdə onun kreditorlarının qanunvericiliklə müəyyən edilmiş qaydada sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir:
119.1.1. birinci növbədə, icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.2. ikinci növbədə, şəxsi sığorta üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.3. üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.4. dördüncü növbədə, müddəti başa çatmamış sığorta müqavilələri üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə bağlı tələblər;
119.1.5. beşinci növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri;
119.1.6. altıncı növbədə, işdənçıxarma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin, həmçinin müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar;
119.1.7. yeddinci növbədə, vergilər, rüsumlar və dövlət büdcəsi ilə bağlı digər icbari ödənişlər üzrə, həmçinin dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində yaranmış öhdəlikləri əhatə edir;
119.1.8. səkkizinci növbədə, qanunvericiliyə müvafiq olaraq digər kreditorlarla hesablaşmalar.
119.2. Bu tələblər, ardıcıllığa riayət edilməklə, hər bir əvvəlki tələb tam həcmdə ödənildikdən sonra ödənilir.
119.3. Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği həddində kreditorların tələbləri növbədənkənar ödənilir.
119.4. Eyni növbəyə aid olan tələblər ödənilərkən, vəsaitlər həmin tələblər arasında onların məbləğlərinə mütənasib olaraq bölüşdürülür.
119.5. Kreditorun razılığına əsasən onun tələbi pul ilə və (və ya) qanunvericiliyə zidd olmayan üsullarla, hesablamalarda nisbət gözlənilməklə tələbin əmlaka yönəldilməsi yolu ilə natura formasında ödənilə bilər.