MƏDƏNİYYƏT
Xızıda “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” monoqrafiyasının təqdimatı keçirilmişdir
Bakı, 10 iyul (AZƏRTAC). AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, C.Cabbarlının ev-muzeyinin və Xızı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xızıda Cəfər Cabbarlı günü çərçivəsində “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” monoqrafiyasının təqdimat mərasimi keçirilmişdir.
Unudulmaz sənətkarın həyat və yaradıcılığından bəhs edən və Türkiyənin “Manas” nəşriyyatında böyük tirajla çap olunmuş kitabın müəllifi filologiya elmləri doktoru Asif Rüstəmlidir.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Türkiyənin Elazığ vilayətinin bələdiyyə sədri Süleyman Salmanoğlu, Türk Ədəbiyyatı Vəqfinin sədri Sərvət Kabaklı, “Manas Yayıncılık” nəşriyyatının direktoru Şener Bulud, türkiyəli qonaqlardan Hadi Önal, İsa Qocaqaplan, Sərhəd Kabaklı, Əli Canpolad, Lütfullah Parıltı, Azərbaycanın elm, ədəbiyyat və mədəniyyət xadimləri, Xızı rayonu ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və görkəmli dramaturq Cəfər Cabbarlının abidələri önünə gül-çiçək dəstələri düzmüş, xatirələrini yad etmişlər.
Şəhər mədəniyyət sarayında keçirilən mərasimdə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə böyük ədiblər yetişdirən Xızı rayonunun bugünkü sosial-iqtisadi durumu, tədbirin ədəbi-mədəni və mənəvi əhəmiyyəti barədə məlumat verilmişdir.
“Manas Yayıncılık” nəşriyyatının direktoru Şener Bulud böyük tirajla və nəfis şəkildə çap etdikləri “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” kitabını dramaturqun qızı Gülarə Cabbarlıya təqdim edərək böyük sənətkarı Türkiyə oxucusuna tanıtmaqdan qürur duyduqlarını dilə gətirmişdir.
Elazığ vilayətinin bələdiyyə sədri Süleyman Salmanoğlu və Türk Ədəbiyyatı Vəqfinin sədri Sərvət Kabaklı Elazığda A.Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” kitabının tanıdılmasından söz açaraq belə əsərlərin “Bir millət, iki dövlət”in ədəbi-mədəni əlaqələrinin inkişafına xidmət etdiyini vurğulamışlar.
Tədbirin sonunda kitabın müəllifi Asif Rüstəmli mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.
Böyük maraqla izlənilən tədbir “Xızı dağları” ansamblının ifasında konsert proqramı ilə yekunlaşmışdır.