CƏMİYYƏT
Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqlar “Ana fəryadı” abidəsini ziyarət etmişlər
Bakı, 14 mart (AZƏRTAC). Martın 14-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə faciə zamanı hər iki valideynini itirmiş uşaqlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinin ziyarət etmişlər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar abidə önünə gül- çiçək dəstələri qoyaraq faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad etmişlər.
Mərasimdə iştirak edən Modern.az xəbər portalının baş redaktoru Elşad Eyvazlı bildirmişdir ki, illər keçsə də Xocalı soyqırımının qanlı yaraları sağalmaq bilmir. Xocalı faciəsinin ağrısı bütün il boyu bizim yaddaşımızdadır. Biz mütəmadi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ən dəhşətli səhifəsi olan Xocalı soyqırımı barəsində məlumatlar yayırıq.
E.Eyvazlı qeyd etmişdir ki, ziyarətə gələnlər Xocalı faciəsi zamanı hər iki valideynini itirən uşaqlardır. Bu faciə zamanı hər iki valideynini itirmiş 25 uşaq daim ictimaiyyətin diqqətində olmalıdır. Yaxın gələcəkdə ictimaiyyətə bu uşaqların acı taleyindən bəhs edən film təqdim olunacaqdır.
Xocalı faciəsində hər iki valideynini itirmiş Mehdi Əliyev də öz acı xatirələrini bölüşmüşdür. O, hər iki valideynini itirəndən sonra əsir düşmüş və erməni vəhşiliklərinin şahidi olmuşdur.
M.Əliyev bildirmişdir ki, artıq bir sıra dövlətlər Xocalı soyqırımını tanımışdır. Bu da Azərbaycanın apardığı təbliğat işinin mühüm nəticəsidir. Arzumuz budur ki, bir daha nəinki Azərbaycanda, dünyanın heç bir yerində belə bir faciə baş verməsin.