İQTİSADİYYAT
Xoşbəxt Yusifzadə: Azərbaycanın 10 milyard ton neft ekvivalentində ehtiyatı vardır
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycanın 10 milyard ton neft ekvivalentində ehtiyatı vardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə bildirmişdir.
“Ümid” və “Abşeron” qaz yataqlarının kəşfinin bu yataqların əhatəsində olan “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Asiman”, “Şəfəq” strukturlarının perspektivliyini daha da artırdığını qeyd edən ARDNŞ-in birinci vitse-prezidenti demişdir ki, təkcə bu yataqları nəzərə alanda Azərbaycanda təsdiq olunmuş proqnoz qaz ehtiyatı 2 trilyon 550 milyard kubmetrdir. Ancaq digər strukturların ehtiyatlarını da hesablasaq, qaz ehtiyatı təxminən 6 trilyon kubmetr edir. O ki qaldı neft ehtiyatlarına, bizim 2 milyard ton təsdiq olunmuş, 2 milyard ton isə proqnoz neft ehtiyatımız vardır. Bu isə ümumilikdə 4 milyard ton neft ehtiyatı edir. Bunları ümumilikdə götürsək, bugünkü günə əldə etdiyimiz məlumatlara görə, Azərbaycanın 10 milyard ton neft ekvivalentində ehtiyatı vardır.