ELM VƏ TƏHSİL
XÜSUSİ QABİLİYYƏT TƏLƏB EDƏN İXTİSASLAR ÜZRƏ TƏHSİL ALMAQ İSTƏYƏN ABİTURİYENTLƏR XÜSUSİ QABİLİYYƏT İMTAHANI DA VERMƏLİDİRLƏR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, ali və orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər test imtahanından əlavə xüsusi qabiliyyət imtahanı verməlidirlər.
Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent ərizəsini ümumi qaydada qeydiyyatdan keçirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçməlidir. Qeydiyyata alınmaq üçün kino, teatr və xoreoqrafiya üzrə təhsil almaq istəyən abituriyent aprelin 11-dən mayın 31-dək, xüsusi qabiliyyət tələb edən digər ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent isə mayın 1-dən 31-dək tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri QİK-ə təqdim etməlidir. QİK abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığını yoxlayır və qeydiyyata alır. Qeydiyyata alınmış abituriyent iyunun 28-dən iyulun 7-dək cədvəl üzrə qabiliyyət imtahanı verir.