MƏDƏNİYYƏT
“Yaddaş” sənədli filminin çəkilişlərinə başlanacaqdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Rejissor Ziya Şıxlinski 1918-ci ilin qanlı hadisələrindən söz açan, şərti olaraq “Yaddaş“ adlandırılmış yeni sənədli film üzərində işləyir.
Rejissor AZƏRTAC-a bildirmişdir ki, filmin çəkilişlərinə noyabr ayında başlanacaqdır. Həmin dövrün ölkəmizin tarixində xüsusi əhəmiyyəti vardır. Gənc Azərbaycan Xalq Cümhuriyyəti (AXC) böyük çətinliklərlə üzləşmişdi. Bolşeviklər və daşnak-quldur dəstələri gənc respublikanın varlığına ciddi təhlükə yaratmışdılar.
Bakı Kommunanın əlində olduğu üçün Gəncədə qərarlaşan AXC hökuməti kömək üçün Türkiyəyə müraciət etmişdi. Erməni daşnakları ilə birləşən Kommuna öz təsir dairəsini gənc cümhuriyyətin bütün ərazisinə yaymağa çalışırdı. Təpədən-dırnağadək silahlanmış erməni quldur dəstələri Şamaxı, Quba qəzalarını və digər bölgələri misli görünməmiş azğınlıqla çapıb-talayır, əhaliyə xüsusi amansızlıqla divan tuturdular.
Türkiyənin general Nuru paşanın başçılığı ilə Azərbaycana göndərdiyi ordunun köməyi ilə bolşevik-daşnak qüvvələrindən azad edilən Bakı sentyabrın 15-də Azərbaycanın paytaxtı elan edildi. Nuru paşanın Əliağa Şıxlinski ilə birlikdə yaratdığı Əlahiddə Azərbaycan hərbi korpusu o dövrdə əhəmiyyətli rol oynamışdı. Korpusa Əliağa Şıxlinski rəhbərlik edirdi.
Filmin ssenari müəllifi Ziya Şıxlinski, operatoru Yuri Varnavski, prodüseri Yekaterinburqda yaşayan həmvətənimiz Şahin Şıxlinskidir.