İQTİSADİYYAT
Yan Mladek: Rəsmi Praqa Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır
Bakı, 17 yanvar, AZƏRTAC
Çexiya “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlıdır.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə şirkətin yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə danışılıb.
Y.Lətifov Azərbaycanın qədim neft diyarı olduğunu söyləyib, dünyada sənaye üsulu ilə hasilata, neftin tankerlərlə, dəmir yolu, boru kəmərləri ilə nəql edilməsinə, emalına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib.
Qonaqlara son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açılıb.
Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən danışan Y.Lətifov qeyd edib ki, “Şahdəniz” yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb.
Çex Respublikasının sənaye və ticarət naziri Y.Mladek rəsmi Praqanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. Azərbaycanı Çexiyanın strateji neft tədarükçüsü adlandıran nazir qeyd edib ki, bu gün Azərbaycandan neft idxalı Çexiyanın enerji ehtiyaclarının üçdə bir hissəsini təmin edir.
Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayan Y.Mladek Azərbaycanın hazırda inşa etdiyi qaz boru kəmərlərinə diqqətlə yanaşdıqlarını söyləyib, qaz təchizatının Çexiya üçün önəmli məsələ olduğunu nəzərə çatdırıb.
Görüşdə Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına xidmət etdiyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazir forumda ölkəsinin neft-kimya sənayesini təmsil edən nümayəndələrin iştirak etdiyini bildirib.
Tərəfləri maraqlandıran digər məsələlər də diqqət mərkəzində olub.