SİYASƏT
YAP AĞCABƏDİ RAYON TƏŞKİLATI SEÇKİLƏRDƏ UĞUR QAZANACAĞINA İNANIR
Bakı, 11 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev seçkilərlə bağlı qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək bildirmişdir ki, rayon təşkilatı üzvlərinin sayı 6.500 nəfərdən çoxdur.
Sədr qeyd etmişdir ki, onlar 98 ilk təşkilatda birləşirlər. Təşkilat kifayət qədər seçki təcrübəsinə malik olduğundan qarşıdakı siyasi kampaniyada da böyük uğur qazanmaq niyyətindədir. Bələdiyyə seçkiləri ilə bağlı YAP Ağcabədi rayon təşkilatının 25 nəfərdən ibarət seçki qərargahı yaradılmışdır.
Bu seçkilərdə gənclərin potensialından daha çox istifadə ediləcəyini söyləyən A.Quliyev demişdir ki, yerli özünüidarəetmə orqanlarında da namzədlərin çoxu gənclərdən və qadınlardan ibarət olacaqdır. Hər zaman Azərbaycanda monolitliyi ilə seçilən Yeni Azərbaycan Partiyası bu dəfə də bələdiyyələrə yeni nəfəs gətirmək niyyətindədir. Gənclər artıq öz güclərini, potensiallarını əvvəlki siyasi kampaniyalarda göstərmişlər. Onların idarəetmədə də özlərini sınamaq vaxtı çatmışdır.
“Qarşıdan gələn bələdiyyə seçkilərində, əvvəl olduğu kimi, yenə də YAP parlaq qələbə qazanacaqdır”, - deyən A.Quliyev bunu xalqın ümummilli lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyaya böyük inamının olması ilə izah etmişdir.