SİYASƏT
YAP AĞDAŞ RAYON TƏŞKİLATI BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
Ağdaş, 16 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partyası (YAP) Ağdaş rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlaşır.
Bununla əlaqədar təşkilat bələdiyyə seçkilərinə hazırlığa dair fəaliyyət proqramı hazırlayaraq təsdiq etmişdir.
Təşkilatın sədri Cavid Osmanov bildirmişdir ki, proqrama seçici siyahılarının dəqiqləşdirilməsi, bələdiyyəyə namizədliyi irəli sürüləcək YAP üzvlərinin müəyyən edilməsi, onların təbliği üçün rayonda kütləvi tədbirlərin hazırlanması və digər məsələlər daxildir. Hazırda seçki ərəfəsi ictimai rəy öyrənilir, yerli əhəmiyyətli sosial problemlər təhlil olunur, namizədlərin müəyyən edilməsi üçün iş aparılır.
Sonra YAP rayon təşkilatı bələdiyyə üzvlüyünə namizədlərin təbliği ilə əlaqədar seçicilərlə iş aparacaq partiya fəallarını, eləcə də məşvərətçi səs hüququna malik komissiya üzvlərini və müşahidəçiləri müəyyənləşdirəcəkdir.
Bələdiyyə seçkilərinə rəsmi start verildikdən sonra rayon təşkilatı fəaliyyət proqramına uyğun lazımi təşviqat işinə başlayacaqdır. Cavid Osmanovun sözlərinə görə, təşkilatda yaradılmış seçki qərargahının üzvləri arasında iş bölgüsü aparılmış, hər kəsin qarşısında konkret vəzifələr qoyulmuşdur. Qərargah üzvlərinin hər biri seçki təcrübəsi olan partiya üzvüdür və bu siyasi kampaniyada da öz işinin öhdəsindən layiqincə gələcəkdir.
Xatırladaq ki, Ağdaşda 41 bələdiyyəyə seçkilər keçiriləcəkdir. 77 ilk ərazi partiya təşkilatı üzrə 11 min 170 üzvü birləşdirən rayon təşkilatı bütün bələdiyyələrə öz namizədlərini irəli sürəcəkdir.