REGİONLAR
YAP Gəncə şəhər təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü qeyd olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatında YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib.
YAP Gəncə şəhər təşkilatından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının aparat rəhbəri Orxan Əhmədov müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edərək qısa müddət ərzində ümumxalq partiyasına çevrilib. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.
AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Yeni Azərbaycan Partiyasının yaranması tarixindən danışıb, partiyanın tarixin sınaqlarından üzüağ çıxdığını bildirib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın çətin günləri geridə qalıb. Bu gün Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir.
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, YAP Gəncə şəhər təşkilatının baş məsləhətçisi Hüseyn Budaqov, ADAU-nun İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri dosent Azad Bayramov, YAP Gəncə Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə və digər çıxış edənlər YAP-ın Ulu Öndərin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verməkdə olduğunu söyləyiblər.
Sonda ictimai-siyasi həyatda, 44 günlük Vətən müharibəsində fəal iştirakına görə YAP Gəncə şəhər təşkilatının bir qrup fəalına fəxri fərman və hədiyyələr təqdim edilib.